"Şimpanzelər Yer kürəsinin ən intellektual heyvan növlərindən biridir, onların insanla ümumi DNT-si 99 faizdir..."
Hamımız bilirik ki, itlər komandalara əməl etməyi yaxşı bacarır, delfinlər isə ultrasəs vasitəsilə bir-birilə ustalıqla ünsiyyət qurur. Bu gün sizə öz növü arasında ən iti zəkaya sahib heyvanların tam siyahısını təqdim edirik.
Moderator.az xəbər verir ki, bu barədə "techinsider.ru" nəşri yazıb.
Nəşr qeyd edir ki, bununla yanaşı, bəzi canlıların fövqəladə qabiliyyətlərindən isə bəlkə də heç xəbəriniz olmayıb! Bu seçmədə sizə heyvanlar aləminin ən böyük intellekt sahiblərini tanıdacağıq.
Delfinlər

Delfinlər qürurla planetin ən ağıllı və intellektual heyvan növlərinin siyahısına başçılıq edir. Səbəb isə onların öyrənmək və təqlid etmək qabiliyyətinə malik olmalarıdır.
Bundan başqa, delfinlər qida əldə etmək üçün ağılla mühiti istifadə edir: məsələn, palçıqdan tələ qurmaq üçün, süngərdən isə mərcanlardan qorunmaq üçün istifadə edirlər. Bu səthi səslənsə də, alət və ətrafı manipulyasiya etmək bacarığı heyvanlar arasında nadir rast gəlinən və inkişaf etmiş intellektin göstəricisidir.
Delfinlər adətən sürülərlə yaşayır və ov etdikləri yerləri, məsələn, əgər adət etdikləri ərazilərdə tikinti başlayıbsa, insanların yeni fəaliyyətinə uyğunlaşmaq və ya ondan qaçmaq üçün vaxtaşırı dəyişir.
Qarğalar

Qarğalardan uzaq durmaq istəyə bilərsiniz, çünki onları çox zaman ancaq zibilləri qarışdıran quşlar kimi görürlər. Amma bu, onların son dərəcə ağıllı varlıqlar olduqları faktını dəyişmir. Məsələn, bir çox mədəniyyətdə qarğalar əlamətlər və bəlalarla əlaqələndirilir.
Alimlər müəyyənləşdirib ki, qarğalar hərəkətlərini planlaya bilir və bu sahədə bəzən insan uşaqlarından daha uğurludur. Bir araşdırmada onlara müxtəlif əşyalar arasından açar seçmək tapşırılıb, həmin açarla xüsusi qutunu açıb içindəki ləzzətli yeməyi əldə etmək olardı. Qarğalar düzgün açarı 90 faiz hallarda tapıb və onu istifadə etmək fürsəti üçün tam 17 saat səbrlə gözləyib.
Donuzlar

Bütün donuzlar bərabər doğulsa da, bəziləri daha ağıllıdır. Donuzlar çox inkişaf etmiş intellektə sahib heyvanlar üçün klassik nümunədir. Təəccüblənsəniz də, bəziləri o qədər zəkalıdır ki, sadə video oyunlar oynaya bilir. Perdyu Universitetinin Heyvan Rifahı Araşdırmaları Mərkəzinin alimləri bu qənaətə gəlib.
Araşdırma zamanı donuzlara joystik vasitəsilə ekrandakı nöqtəni hərəkət etdirərək divara toxundurma vəzifəsi verilib. Donuz tapşırığın öhdəsindən yaxşı gələndə mükafat olaraq ləzzətli yeməklər alıb. Sınaq üçün seçilən bütün donuzlar bir müddətdən sonra joystiklə oyunu mükəmməl oynamağı öyrənib. Ekrandakı hərəkətlə joystikin əlaqəsini başa düşən heyvanlar uğurlu davranışı təkrarlayaraq zəka qabiliyyətlərini sübut edib.
Şimpanzelər

Şimpanzelərin zehni qabiliyyətləri çoxdan, böyük miqyasda öyrənilir. Bu heyvanların beyni, demək olar ki, təkamül nəzəriyyəsinin ortaya çıxmasından bəri elmi maraq obyektidir. Bugün əminliklə demək olar ki, şimpanzelər Yer kürəsinin ən intellektual heyvan növlərindən biridir. Heç də təəccüblü deyil, axı onların insanla ümumi DNT-si 99 faizdir.
Şimpanzelər özlərini güzgüdə və videoda tanıya bilir ki, bu da onların abstrakt təfəkkürə sahib olduğunu göstərir. Müqayisə üçün qeyd edək ki, insan uşaqları bu qabiliyyəti yalnız 4 yaşına çatdıqda əldə edir.
Fillər

Fillər nəhəng, bəzən yöndəmsiz görünsələr də, son dərəcə ağıllıdır. Onlar birlikdə hərəkət etdikləri marşrutları, yolda rast gəlinən su mənbələrini yadda saxlaya bilir və müxtəlif yırtıcı növlərini, o cümlədən insanları qoxu və səsə görə ayırd edə bilir.
Delfinlər kimi, fillər də ətraf mühiti manipulyasiya edərək məqsədlərinə nail ola bilir. Məsələn, Vaşinqtondakı Milli Zooparkda yaşayan Kandula adlı fil daha əvvəl çata bilmədiyi meyvələrə yetişmək üçün bloku dayaq kimi istifadə etməyi ağlına gətirib.
Hərçənd fillər layiqli olaraq planetin ən ağıllı heyvanları siyahısındadır, insanlar uzun müddət onların bu qabiliyyətlərini görməyib. Müşahidə üsulları da uyğun olmayıb, məsələn, fillərə çubuq təqdim edilib, lakin fizioloji fərqlərə görə onlar bu vasitədən tam istifadə edə bilməyib.