Rizvan Fikrətoğlu: “Mətnlər qısalıb, bəzi suallar daha konkretdir, hətta elə suallar var ki...”
Yeni imtahan modelinə keçiddən sonra tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 300 bal toplayan abituriyentlərin sayında ciddi dəyişikliklər müşahidə olunur. Statistik məlumatlara əsasən, 2019-2022-ci illər ərzində maksimum bal toplayanların ümumi sayı cəmi 13 nəfər olub. Ancaq son illər yüksək nəticə göstərənlərin sayı artıb.
Məlumat üçün bildirək ki, ötən il bu rəqəm 55, bu il isə 43 nəfər olub. Ümümiyyətlə, son 2 ildir maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb.
Maraqlıdır, təhsilin keyfyyəti yüksəlir, yoxsa suallar asanlaşır?
“Bu il keçirilən buraxılış imtahanlarında abituriyentlərin nəticəsinin yüksək olmasına səbəb sualların nisbətən yumşaq olması ilə bağlıdır”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əvvəlki illərlə müqayisədə bu il sualların tipində müəyyən qədər yumşalma var. Mətnlər qısalıb, bəzi suallar daha konkretdir, hətta elə suallar var ki, onların cavabı elə sualın içindədir: “Bu o deməkdir ki, suallar asanlaşıb. Bununla yanaşı, abituriyentlərin yaxşı nəticə göstərməsinin digər səbəbi də odur ki, onların bilik səviyyəsi də get-gedə artır. Uşaqlar öz üzərlərində işləməyə üstünlük verir. Ümumiyyətlə, buraxılış imtahanının asan olması labuddur, ona görə ki, uşaqlar attestat imtahanının 3 nəticəsi buraxılış imtahanına təsir edir. Məlumdur ki, kolleclərə qəbul buraxılış imtahanı ilə həyata keçirilir, eləcə də hərbi məktəb. Həmçinin, yüksək texniki peşə məktəblərinə qəbul buraxılış imtahanı əsasında olur. Bütün bunları nəzərə alıb, buraxılış imtahanı suallarının orta və asan səviyyədə keçməsi qəbul ediləndir”.
Ekspert onu da əlavə etdi ki, blok imtahanlarında vəziyyət fərqli olur. Belə ki, blok imtahanlarında sualların çətinliyi, səhv cavabın düz cavaba təsir etməsi kimi faktlar var: “Buraxılış imtahanı yekum attestasiya kimi hesablanır. Bu il keçirilən buraxılış imtahanlarında abituriyentlərin nəticəsinin yüksək olmasına səbəb sualların nisbətən yumşaq olması ilə bağlıdır”.
Günel CƏLİLOVA