AZ

Ramid Namazov: Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir

Bakı, 2 may, AZƏRTAC

Cari il fevralın 20-də bir sıra media resurslarımıza qarşı kiberhücumlar həyata keçirilib. Budəfəki hücumları əvvəlkilərdən fərqləndirən cəhət isə tətbiq edilən vasitələr və hücumun həm xüsusiyyəti, həm də miqyası idi ki, bu məsələ Komissiyamızın diqqətini cəlb etdi.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramid Namazov deyib.

O bildirib ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunmuş ictimai müzakirələr keçirilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada və siyasi motivi olan kiberhücumlar həyata keçirilib. Mütəxəssislərin rəyinə görə bu hadisə indiyədək ölkəmizdə baş vermiş, habelə müəyyən edilmiş ən ciddi kibermüdaxilə əməliyyatlarından biri olub. Burada, həmçinin əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olunan “yalançı bayraq” və ya “saxta bayraq” kimi adlandırılan əməliyyatın həyata keçirildiyi məlum olub.

“Kiberhücumun təhqiqatı kibertəhlükəsizlik sahəsində peşəkar biliklərə və təcrübəyə malik, bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən aparılıb. Əldə edilən nəticələr isə bir-biri ilə üst-üstə düşüb”, - deyə Ramid Namazov əlavə edib.

Seçilən
0
1
azertag.az

2Mənbələr