İspaniya yığmasının əfsanəvi azarkeşi, “qırmızı qəzəb”i 10 dünya çempionatında dəstəkləmiş Manolo 76 yaşında vəfat edib.
Arean.az “Marca” nəşrinə istinadən məlumat verir ki, əsl adı Manuel Kaseres-Artesero olan qocaman azarkeş, tənəffüsündəki fəsadlar səbibilə bir neçə gün qaldığı xəstəxanada dünyasını dəyişib.
Manolo İspaniya yığmasının iştirak etdiyi 18 böyük yarışı ziyarət edib. Sadiq azarkeşin “qırmzı qəzəb”ə 10 dünya çempionatı ilə yanaşı, səkkiz Avropa Çempionatında dəstəyi olub. Klub səviyyəsində isə Manolo “Valensiya”ya azarkeşlik edib. Geniş kütləyə Manolo oyunlara nəhəng təbili ilə gəlib onu cani-dildən döyəcləməsi ilə yadda qalıb. Buradan da qocaman sadiq azarkeşin “Səs-küylü Manolo” təxəllüsü yaranıb. Manolo İspaniya yığmasının oyunlarında tribunalarda “12” nömrəli köynəkdə yer alar, bunula da milli komandanın 12-ci oyunçusu olduğunu ifadə edər, təbili ilə azarkeşləri böyükdən-kiçiyə coşdurardı.
İspaniya yığmasının mətbuat xidməti “qırmızı qəzəb”in qocaman azarkeşinin vəfatı ilə əlaqədar yığma komandanın rəsmi saytında başsağlığı paylaşıb:
“Bizi kədər və sevincimizdə daima dəstəkləmiş ən sadiq pərəstişkarlarımızdan biri dünyadan köçüb. Ruhun şad olsun, Manolo. Mərhumun ailəsinə və dostlarına başsağlığımızı ifadə edirik”, – başsağlığında deyilir.