AZ

"ATEF Şirkətlər Qrupu" işçilərinin maaşını vermir, milyonlarla vergi borcu da var

"ATEF Şirkətlər Qrupu"nun əməkdaşları 3 aydır maaşlarını ala bilmirlər.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a şirkətdəki mənbələrdən bildirilib.

Məlumata görə, 2000 nəfərin çalışdığı şirkətdə 3 aydır məvaciblər ödənmir. Rəhbərlik bununla bağlı işçilərə ciddi bir izah vermir və müxtəlif bəhanələrlə vaxtı uzadır.

Teleqraf məsələ ilə bağlı "ATEF Şirkətlər Qrupu"nun İdarə Heyətinin sədri Emil Əlixanbəyovla əlaqə saxlayıb. O, suallara yazılı sorğu əsasında cavab verə biləcəyini söyləyib. Lakin şirkətə ünvanlanan yazılı sorğu da cavabsız qalıb.

Qeyd edək ki, 1961-ci ildə fəaliyyətə başlayan Bakı Mayesiz Transformatorlar Zavodunun (BTZ) bazasında qurulan "ATEF Şirkətlər Qrupu"nun 9 zavodu və 2000 nəfərdən artıq işçi heyəti mövcuddur. Müəssisə 500-dən çox layihə reallaşdırıb. Mərkəzi ofisi Bakıda yerləşən bu qurum enerji avadanlıqları istehsalı sahəsində fəaliyyət göstərir və müxtəlif ölkələrin enerji infrastrukturuna avadanlıq tədarükündə iştirak edir. Transformatorlar, reaktorlar, paylayıcı qurğular, yarımstansiya komponentləri və dəmir yolu kontakt şəbəkəsi üçün detallardan ibarət məhsullar hazırlayır.

Nazirlər Kabinetinin qərarını pozaraq audit hesabatı vermir

Maraqlıdır ki, bu qədər işçi sayına və zavodlara malik olmasına baxmayaraq, şirkət maliyyə hesabatı vermir. Bu barədə qurumun rəsmi veb səhfəsində audit hesabatına rast gəlinmir. Halbuki, "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, işçilərinin sayı 50 nəfərdən, illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında" Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.

Milyonluq layihələr

"ATEF Şirkətlər Qrupu"maliyyə göstəricilərini açıqlamasa da, gördüyü işlərin miqyası gəlirlərinin aşağı olmadığını deməyə əsas verir. Qurum bir ay əvvəl BP şirkətinin sifarişi əsasında hazırladığı 260MVA 330/33-33 güc transformatorunu 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasında quraşdırıb. Bundan əvvəl isə Britaniya şirkətinin sifarişi ilə "Şahdəniz" qaz yatağı üçün 1250 kVA 11/0,42 kV transformator istehsal etmişdi. "ATEF" eləcə də "Ağdam-1" yarımstansiyasında iki ədəd TDTN 40000/110/35/10 kv-luq güc transformatoru quraşdırıb.

Seçilən
0
4
publika.az

6Mənbələr