“Azərbaycanda vətəndaşların əməkhaqqı və pensiyalarını istədikləri bankın kartı ilə almaq imkanının yaradılması xidmət sektorunda mühüm dəyişikliklərə yol aça bilər. Bu dəyişiklik çox müsbət təsir göstərəcək. Bu qərarın tətbiqi ilə banklar həm müştəri bazasının formalaşmasında, həm də onların davranışlarının öyrənilməsində təcrübə qazanırlar. Kredit verərkən vətəndaşın gəlir səviyyəsini bildiklərinə görə daha məlumatlı qərarlar verə bilirlər. Eyni zamanda, həmin kartlara gəlir daxil olur və vətəndaşın xərcləmə vərdişləri də bu yolla izlənilir. Bu davranış məlumatları əsasında banklar müştərini daha dəqiq qiymətləndirəcəklər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında İqtisadçı Xalid Kərimli səsləndirib:
“Əmək haqqını istənilən bankdan almaq imkanı vətəndaşa seçim azadlığı verir. Bu da onun rahatlığını artırır. Vəsaitini istədiyi karta yönləndirə bilir. Vətəndaş, cashback və qalıq faizi təklif edən müxtəlif kartları seçə və keçid edə bilər”.
İqtisadçı qeyd edir ki, bu dəyişiklik banklar üçün də faydalıdır.
“Onlar öz müştəri bazalarını genişləndirəcək, onları daha yaxşı tanıyacaqlar. Bu, banklar arasında sağlam rəqabətin artmasına səbəb olacaq. Ödəniş sistemində ümumi problem yaşanarsa, bu, bütün banklara şamil ediləcək və Mərkəzi Bank tərəfindən tənzimlənəcək. Lakin texniki problemlər yalnız konkret bir bankda yaranarsa, bu, həmin bankın məsuliyyətidir. Texniki məsələlər çox olduğuna görə tətbiq prosesi bir qədər zaman ala bilər”.
Aynurə İsmayıl
KONKRET.az