“Fiorentina”nın baş məşqçisi Raffaele Palladino Avropa Konfrans Liqasının yarımfinalında “Betis”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az məlumat verir ki, “bənövşələr” səfərdə baş tutmuş bu oyunda 1:2 hesablı məğlubiyyətə üzülüblər.
Palladino qarşılaşmadan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu oyundan götürülə biləcək bir çox müsbət xüsus var. Əlbəttə, təəssüfləndirici xüsuslar da var. Məni buraxdığımız ikinci qol xüsusilə pərişan etdi. Mən David De Xea ilə danışdım, o, mənə dedi ki, Antoni zərbə endirdiyi anı görməyib, çünki digər oyunçu oyundankənar vəziyyətdə idi və onun baxış bucağını bağlayırdı.
Sevilyaya gəlmiş azarkeşlərimizə təşəkkür edirəm və ümidvarıq ki, növbəti Cümə axşamında “Artemio Franki” stadionu bizim üçün on ikinci oyunçu olacaq. Biz inanır və finala çıxmaq istəyirik. Bütün oyunçularım qoçaqlıqla oynayırdılar, sona qədər inanırdılar.
Biz ismarış ünvanlamaq istəyirik: biz inanırıq ki, hər şey hələ irəlidədir. Məni komandamın zehniyyəti maraqlandırır. Oyunçularım paltardəyişmə otağında şövqlə dolu və inamlı idilər, mən orada müsbət güc-qüvvə duydum. Bu, mübarizənin hələ birinci hissəsidir, biz isə öz stadionumuzdakı cavab oyunu ərəfəsində böyük əminliyə malikik”, – “TUTTOmercatoWEB” dərgisi italyan mütəxəssisdən sitat gətirir.
Cavab oyunu çərçivəsində “Fiorentina” “Betis”i mayın 8-də Florensiyanın “Artemio Franki” stadionunda qəbul edəcək.