AZ

İkinci Dünya müharibəsinin Şərq cəbhəsi - Yaponiyanın dəhşətli və amansız savaşları

BAKI, 2 may. TELEQRAF

Yaponiya artıq 1930-cu illərdə Asiyada savaşlara başlamışdı, yəni Avropada İkinci Dünya müharibəsinin başlamasından (1939-cu il) əvvəl. 1931-ci ildə Yaponiya Mancuriyanı (Çinin şimal-şərqi) işğal etdi və orada qondarma Mançukuo dövləti qurdu. Bu, Yaponiyanın Millətlər Cəmiyyətindən çıxarılmasına səbəb oldu.

1937-ci ildə isə Çin-Yaponiya müharibəsi başladı. Yaponlar 1940-cı ildə Fransanın Vyetnamdakı koloniyalarına girdilər.

Yaponiya 1941-ci il dekabrın 7-də gözlənilmədən ABŞ-nin Havaydakı hərbi bazasına hücum etdi. Sakit okean donanmasına (Pörl-Harbor) ağır zərbə vurdu. Bu, ABŞ-ni birbaşa müharibəyə çəkdi. Eyni vaxtda Yaponiya Cənub-Şərqi Asiyada Malay, İndoneziya və Filippinə hücuma başladı. Bundan sonra Yaponiya rəsmi olaraq ABŞ, Britaniya və müttəfiqləri ilə müharibədə idi.

İmperator

O dövrdə Yaponiyanın İmperatoru Xiroxito (Hirohito) idi. Xiroxito 1926–1989-cu illərdə hakimiyyətdə olub. Rəsmi olaraq ilahi statusa malik bir hökmdar idi. Bir ehtimala görə, Yaponiyanın döyüşlərinin hamısı onun adı ilə aparılırdı. Başqa bir versiya isə Xiroxitonun hakimiyyətinin formal olması istiqamətindədir. Bu ehtimala görə ölkəni və müharibəni birbaşa şəkildə ordu rəhbərliyi idarə edirdi.

Yaponiya təslim olduqdan sonra (1945) ABŞ və müttəfiqlər Xiroxitonu məhkəməyə çıxarmadılar, onu taxtda saxladılar, amma ilahi statusunu ləğv etdilər və konstitusiyalı monarxiyaya keçdilər. Yəni Xiroxito müharibədən sağ çıxdı, ölkəsini 1989-cu ilə qədər idarə etdi və Yaponiya tarixinin ən uzun hakimiyyət sürən imperatorlarından biri oldu.

Xiroxito ilə müttəfiq ölkə Almaniyanın lideri Adolf Hitler arasındakı əlaqə birbaşa şəxsi dostluq və ya sıx münasibətlər səviyyəsində deyildi, amma dövlətlər səviyyəsində rəsmi müttəfiqlik var idi.

Xiroxito və Hitler heç vaxt görüşməyib. Onların əlaqələri əsasən diplomatlar, səfirlər və hərbi dairələr tərəfindən təmin edilmişdi.

Yaponiyanın Asiyadakı müttəfiqləri

Dünya müharibəsində Yaponiyanın Asiyada az sayda rəsmi müttəfiqi vardı, amma bəzi hökumətlər və qruplar onunla əməkdaşlıq edirdi — əsasən ya müstəqillik ümidiylə, ya da Avropa müstəmləkəçilərinə qarşı.

Mançukuo - 1932-ci ildə Yaponiya Mancuriyanı işğal etdikdən sonra burda Mançukuo adlı qondarma hökumət qurdu. Rəhbəri Çinin son imperatoru Puyi idi, amma əsl hakimiyyət yapon ordusunun əlindəydi.

Mensyan – Monqolustanda Yaponiyanın dəstəyi ilə yaradılan yerli hökumət idi, o da yapon ordusuna bağlıydı.

Myanma (Birma) - 1943-cü ildə Birma “müstəqil dövlət” elan olundu və Yaponiya tərəfindən tanındı. Əslində Birma ordusu və hökuməti Yaponiyanın nəzarəti altında idi. Birma millətçiləri Avropa müstəmləkəçiliyindən qurtuluş üçün Yaponiya ilə əməkdaşlıq etmişdilər.

Hindistan Milli Ordusu (Azad Hind) – Hind millətçi Subxas Çandra Bozenin yaratdığı ordu Yaponiya və Almaniya tərəfindən dəstəklənirdi. Məqsəd Britaniyanı Hindistandan qovmaq idi. Bu ordu cəbhədə Yaponiya ilə birlikdə döyüşlərdə iştirak etmişdi.

Filippində qurulan qondarma hökumət - Yapon işğalı dövründə bəzi filippinli siyasətçilər Yaponiya tərəfindən qurulan “müstəqil hökumət”də yer alsalar da, geniş xalq dəstəyi ala bilməmişdi.

İndoneziya millətçiləri - Hollandiya müstəmləkəçiliyinə qarşı olan bəzi indoneziyalı liderlər Yaponiya ilə əməkdaşlıq etdilər, amma bu daha çox fürsətçilik idi, çünki Yaponiya əslində onları bərabər tərəf kimi görmürdü.

İşğal edilən ölkələr

Yaponiya İkinci Dünya müharibəsində Asiya-Sakit okean bölgəsində bir çox ölkə və ərazini işğal etmişdi.

Hələ 1931-ci ildə Mancuriyanı ələ keçirmişdi. 1937-ci ildən isə Çin-Yaponiya müharibəsi geniş miqyas aldı. Pekin, Şanxay və Nankin kimi böyük şəhərlər yaponlar tərəfindən işğal edildi.

Koreya 1910-cu ildən Yaponiya tərəfindən anneksiya olunmuşdu və müharibə zamanı da Tokionun hakimiyyəti altında idi.

O günlərdə ABŞ-nin koloniyası olan Filippin, Britaniya koloniyası Sinqapur, Myanma və Malay yarımadası 1940-1941–1942-ci illərdə Yaponiya tərəfindən işğal olunmuşdu. Həmin illərdə İndoneziya (keçmiş Hollandiya Hindistanı), Vyetnam, Laos, Kamboca (Fransa müstəmləkəsi), Guam və Ueyk adası (ABŞ-nin nəzarətinə idi), Yeni Qvineya və Solomon adalarının bəzi hissələri Yaponiyanın işğalı altına düşmüşdü. Yapon imperiyası Avstraliyaya qədər genişlənmişdi.

Müharibə başladıqdan sonra qısa müddətdə Yaponiya Sakit okean hövzəsinin böyük hissəsi və Cənub-Şərqi Asiyanın geniş ərazilərinə nəzarət etməyə başlamışdı. Məqsəd “Böyük Şərqi Asiya İttifaqı” qurmaq idi, yəni Qərb güclərini bu bölgədən sıxışdırıb çıxarmaq.

Yapon işgəncə üsulları

Yapon ordusu İkinci Dünya müharibəsində işğal etdiyi ölkələrdə həm mülki əhali, həm də hərbi əsirlərə qarşı amansız və vəhşicəsinə işgəncə metodları tətbiq etmişdi.

Sənədləşdirilmiş işgəncə nümunələri:

Bədən üzvlərinin kəsilməsi və ya deşilməsi — Əsirlərin qulaqları, burnu, barmaqları və ya cinsiyyət orqanları kəsilirdi. Bəzən əsirlərin bədənləri süngü ilə deşilirdi.

Baş kəsmə — Yapon əsgərləri tərəfindən baş kəsmə aktları həm cəza, həm də qorxu yaymaq üçün geniş yayılmışdı.

Canlı insan üzərində tibbi təcrübələr — Xüsusilə məşhur 731-ci Dəstə Mancuriyada minlərlə çinli, koreyalı və rus əsir üzərində ölümcül bioloji və kimyəvi sınaqlar aparırdı. İnsanlar diri-diri kəsilir, üzərlərində qəsdən yoluxucu xəstəliklər sınaqdan keçirilirdi.

Cinsi işgəncə və zorlamalar — qadınlar, bəzən isə hətta kişilər cinsi zorakılığa məruz qalırdılar.

Yandırma və diri-diri basdırma — Bəzən kəndlər tamamilə yandırılır, insanlar diri-diri odun içinə, ya da quyulara atılaraq öldürülürdü.

Su işgəncəsi — Qurbanların mədə və qarınlarına zorla su doldurulurdu, ardınca əsgərlərin qarınlarına tullanması orqanların partlamasına səbəb olurdu.

Elektrik şoku və dırnaq çıxarma — Əsasən əsirləri sorğu-sual etmək üçün istifadə edilirdi.

Bu işgəncə növləri, xüsusilə Çindəki Nankin qətliamı (1937) zamanı və müharibənin son illərində cəbhədə əsir götürülən ABŞ, Avstraliya, Britaniya, Hollandiya və digər ölkələrin əsgərlərinə qarşı geniş şəkildə tətbiq olunmuşdu.

Qadınların zorla fahişəliyə cəlb edilməsi

İkinci Dünya müharibəsində Yaponiyanın həyata keçirdiyi “comfort women” (yaponca “ianfu”, tərcümədə “rahatlıq qadınları”) sistemi bu günə qədər beynəlxalq aləmdə müzakirə olunan, çox tənqid olunan bir məsələdir.

Yaponiya ordusu minlərlə qadını zorla və ya aldadaraq cinsi istismara məcbur etmişdi. Bu qadınlar əsasən işğal edilən ölkələrdən, xüsusilə Koreya, Çin, Filippin, İndoneziya, Vyetnam, Malayziya və bəzən Avropa əsilli qadınlardan seçilirdi.

Onlar “rahatlıq stansiyaları” (yaponca “ianjo”) adlanan xüsusi fahişəxanalarda saxlanılırdılar. Bu yerlər yapon ordusu tərəfindən təşkil edilirdi, məqsəd əsgərlərə cinsi xidmətlər göstərmək, həmçinin əsgərlərin mülki qadınlar və ya düşmən ərazilərdə qeyri-nizamlı zorlamalara yönəlməsinin qarşısını almaq idi.

Araşdırmalar göstərir ki, bu qadınların çoxu zorla qaçırılıb, döyülüb, təhqir olunub, cinsi zorakılığa məruz qalıb, bir çoxu həyatını itirib və ya ağır psixoloji və fiziki travmalar alıb.

Müharibədən sonra onilliklər boyunca Yaponiya hökuməti bu məsələdə məsuliyyət daşıdığını tam etiraf etmədi. Bu, xüsusilə Koreya və Çinlə münasibətlərdə gərginlik yaratdı. 1990-cı illərdə bəzi rəsmi üzrlər olsa da və kompensasiya fondları qurulsa da, qurbanlar və ailələrinin çoxu bunun yetərli olmadığını bildirirlər.

Asiyanın ölüm statistikası

Çində təxminən 15–20 milyon insan (əsasən mülki əhali) bu dövrdə həyatını itirib. Çində müharibə 1937-ci ildə başlamışdı və Nankin qətliamı kimi kütləvi qırğınlar baş vermişdi.

Hindistanında təxminən 2–3 milyon insan, əsasən 1943-cü ildə Benqal aclığı səbəbindən ölüb.

Filippində 1–1,5 milyon, İndoneziyada 4 milyon insan aclıq, işğal və döyüşlər səbəbindən həlak olub.

Koreyada ölənlərin sayı bir neçə yüz min olaraq təxmin edilir, amma dəqiq deyil. Çünki koreyalılar həm Yaponiya üçün döyüşə məcbur edilir, həm də məcburi əmək prosesində ölmüşdülər.

Yaponiya isə müharibədə 2,5–3 milyon (əsgər və mülki əhali birlikdə) insan itirib. Əsasən də ABŞ bombardmanları və adalara atılan atom bombaları səbəbindən.

Cənub-Şərqi Asiya (Birma, Malayziya, Vyetnam, Kamboca, Laos) ümumilikdə 1–2 milyon insan itirib. Ümumilikdə Asiyada təxminən 25–30 milyon insan İkinci Dünya müharibəsində ölüb, 50-60 milyon isə yaralanıb və ya şikəst qalıb.

Yaponiyanın məğlubiyyəti

Yaponiya 1942-43-cü illərdə Sakit okean və Cənub-Şərqi Asiyada sürətlə genişlənmişdi, amma ABŞ-nin Miduey döyüşündə qələbəsi (1942) döyüşlərin dönüş nöqtəsi oldu. Bundan sonra Yaponiya müdafiəyə çəkilməyə başladı.

1943–1944-cü illərdə ABŞ və müttəfiqləri Yaponiyanın nəzarətindəki adaları bir-bir ələ keçirdilər. Filippin, Saypan, Guam kimi bölgələr geri alındı.

1945-ci ildə baş verən Okinava döyüşü ağır itkilərlə bitdi, amma müttəfiqlər artıq Yaponiyanın öz ərazisinə yaxınlaşmışdılar. ABŞ Yaponiya şəhərlərini kütləvi bombardman etməyə başladı, Tokio, Osaka və digər şəhərlər darmadağın edildi.

ABŞ 1945-ci ilin avqustunda ard-arda Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atdı. Bu, bəşər tarixində ilk nüvə silahı istifadəsi idi.

1945-ci il avqustun 9-da SSRİ də Yaponiyaya müharibə elan etdi. Mancuriya, Koreya, Saxalin, Kuril adalarında yapon qoşunlarını darmadağın edildi.

1945-ci il avqustun 15-də İmperator Xiroxito radio ilə xalqa müraciət edərək təslim olduqlarını bəyan etdi. Bu, Yaponiya tarixində ilk idi, xalq imperatorun səsini eşidirdi.

1945-ci il sentyabrın 2-də ABŞ-nin “Missuri” döyüş gəmisində rəsmi təslim aktı imzalandı. Bu tarix İkinci Dünya müharibəsinin Asiya və dünyada sonu sayılır.

Seçilən
0
teleqraf.com

1Mənbələr