BAKI, 2 may. TELEQRAF
Dövlət Neft Fondu (ARDNF) suveren sərvət fondları üzrə ixtisaslaşmış beynəlxalq analitik platforma olan "Global SWF" tərəfindən "Ayın Fondu" seçilib.
Teleqraf xəbər verir ki, Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov beynəlxalq təşkilatın “Ayın Fondu” müsahibə seriyasında yer alıb.
Fərhad Zeynalov müsahibəsində bildirib ki, ARDNF 1999-cu ildə 271 milyon ABŞ dolları ilkin vəsaitlə təsis edilib. Məqsəd neft və qaz gəlirlərini şəffaf və səmərəli şəkildə idarə etməklə ölkənin sərvətindən həm hazırkı, həm də gələcək nəsillərin faydalanmasını təmin etmək olub:
“Fond 2025-ci ilin birinci rübü etibarilə 63 milyard ABŞ dolları həcmində pik göstəriciyə çatıb və bu məbləğin 15 milyard dolları Fondun fəaliyyətə başladığı vaxtdan bəri əldə olunan investisiya gəlirlərini əhatə edir. Bu yol çətinliksiz olmayıb – qlobal maliyyə böhranları, neft qiymətlərinin dalğalanması, COVID-19 pandemiyası və geosiyasi gərginliklər Fondun dayanıqlılığını sınağa çəkib. Gələcəyə baxışda ARDNF milli sərvətin qorunması və artırılması, fiskal sabitliyin dəstəklənməsi və Azərbaycanın iqtisadiyyatının daha dayanıqlı və şaxələnmiş şəkildə inkişafına töhfə verməyə sadiq qalır.
Son illərdə ARDNF şaxələndirmə səylərini sürətləndirib – Çin və Körfəz ölkələri kimi yeni coğrafiyalara açılıb, alternativ aktivlərə yatırımlarını artırıb və investisiya qərarlarında ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsiplərini tətbiq etməyə başlayıb. Fond həmçinin ölkənin qızıl ehtiyatlarını gücləndirmək məqsədilə daha geniş ehtiyat idarəetmə strategiyası çərçivəsində portfelindəki qızılın payını 26%-ə, yəni 16,1 milyard ABŞ dollarına çatdırıb. Bu yanaşma eyni zamanda valyuta tərkibinin şaxələndirilməsi ilə birgə 2025-ci ilin birinci rübündə idarə olunan aktivlərin (AuM) artımına dəstək olub”.
Fond rəsmisi qeyd edib ki, ARDNF ənənəvi infrastruktur, enerji keçidi, logistika və rəqəmsallaşma sahələrində qlobal miqyasda aparıcı idarəedicilər – GIP, EQT və “Brookfield” kimi şirkətlərlə tərəfdaşlıq quraraq bu sahələrə kapital ayırıb:
“Gələcəkdə isə xüsusilə nəqliyyat, bərpa olunan enerji və rəqəmsal infrastruktur sahələrində real aktivlərə investisiya qoyuluşunu daha da dərinləşdirməyi planlaşdırırıq. Bu aktivlər adətən iqtisadi tsikllərə daha az həssas olur”.