Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT böyük islahata hazırlaşır.
Birləşmiş Millətlər Təşkilatının quruluşunda radikal dəyişikliklər aparılması planlaşdırılır. Bu barədə "Röyter" agentliyi BMT-nin Baş katibi Antoniu Quterrişin işçi qrupu tərəfindən hazırlanmış, 6 səhifədən ibarətə məxfi memoranduma istinadla məlumat verib.
Sənəd onlarla agentliyin dörd əsas sahə - sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları sahələri üzrə birləşdirilməsini təklif edir.
Konkret tədbirlərə Ümumdünya Ərzaq Proqramı (ÜƏP), YUNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı strukturlarının vahid humanitar qurumda birləşdirilməsi daxildir. İslahat həmçinin bir-birini təkrarlayan funksiyaların ixtisar edilməsini və əməkdaşların bir hissəsinin Cenevrə və Nyu-Yorkdan daha ucuz şəhərlərə köçürülməsi də daxil olmaqla, işçi heyətinin optimallaşdırılmasını əhatə edir.
Təşəbbüs BMT-nin maliyyə böhranı ilə bağlıdır: təşkilatın əsas donoru olan ABŞ büdcəyə 1,5 milyard dollar məbləğində, sülhməramlı əməliyyatlara isə 1,2 milyard dollar həcmində vəsaiti ödəməyib. ABŞ yardımının kəsilməsi artıq Humanitar Məsələlər İdarəsinin işçilərinin 20%-nin ixtisarına səbəb olub və Beynəlxalq Miqrasiya Təşkilatında 6000 iş yerinin ixtisarına səbəb ola bilər.
Quterreş islahatları “parçalanmış strukturlara və bürokratiyaya” cavab adlandırıb. Yüzlərlə BMT əməkdaşı mayın 1-də Cenevrədə ixtisarlara qarşı etiraz aksiyası keçirib. Struktur dəyişikliyi ilə bağlı son təkliflər mayın 16-dək təqdim edilməlidir.
Hürr Tərcüman