ABŞ-nin Yuta ştatında inanılmaz hadisə baş verib. 12 yaşlı pişik Brays kanyonunda 120 metr hündürlükdən yıxılmasına baxmayaraq, sağ qala bilib. Lakin onun ehtimal olunan sahibləri - kişi və qadın bu faciəli hadisə zamanı həlak olublar.
Bu barədə "USA Today" nəşri "Best Friends" heyvanların müdafiəsi təşkilatına istinadən məlumat verib.
Məlumata görə, ölənlərin cəsədləri kanyonun müşahidə qülləsinin dibində tapılıb. Onların yanında heyvan daşımaq üçün nəzərdə tutulan qəfəsdə pişik olub. Böyük yüksəkliyə baxmayaraq, heyvan sağ qalıb.
Pişiyin bir-iki qabırğası sınıb, iki dişi qırılıb, ancaq sərbəst şəkildə yeyib-içir. Baytarlar onun təxminən 12 yaşında olduğunu müəyyən ediblər. Onlar pişiyə yeni bir ad vermək qərarına gəliblər - Miraj.
Mirajı "Best Friends" himayəyə götürüb.

