Azərbaycanın qədim xalqlarından olan Alban-Udi xristian icmasının liderləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində İstanbul və Mardin şəhərlərində təlimlərdə iştirak ediblər.
Modern.az xəbər verir ki, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari kilsəsində fəaliyyət göstərən Alban-Udi dini icmasının nümayəndələri layihə çərçivəsində İstanbulda Suriyə və Anadolu pravoslav kilsələrini, eləcə də Mardindəki məşhur Deyrulzəfəran monastırını ziyarət ediblər. Ziyarətlər zamanı onlar dini ayinlər, tədris proqramları və ənənəvi mərasimlərlə bağlı məlumat alıblar.
“Biz heç bir ayrı-seçkilik etmədən Azərbaycanın mədəni zənginliyini və tolerantlıq mühitini qorumaq, eyni zamanda ölkəmizlə Azərbaycan arasında mədəni və mənəvi əlaqələrə yeni bir baxış qazandırmaq məqsədilə bu kimi layihələr həyata keçiririk”, - layihə ilə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik bildirib.
Qeyd edək ki, TİKA ötən il də Çotari kilsəsində Alban-Udi icması üçün xüsusi tədris mərkəzi qurmuşdu.