AZ

“Stalindən qalma atom silahı olmasaydı, heç o dövlətin üzünə tüpürən də olmayacaqdı...”

“Tarixin öz inkişaf qayda-qanunları var və onları dəyişmək mümkün deyil... Bəli, vaxtilə bu dövlət qalxdı, yüksəldi, genişləndi, xüsusən də müsəlman Şərqinə doğru getdi...”
 
Son günlər Rusiyanın şovinist, imperiyapərəst damarı hədsiz coşub.  Kreml rəsmi səviyyədə qonşu Estoniyanı hədələyir, ondan əvvəl dolayısıyla digər qonşusu Qazaxıstana söz atıb. “Avrasiyaçı-filosof” sayılan qızğın “velikorus” ideoloqlarından və Kremldə sözü keçən şəxslərdən  hesab edilən Aleksandr Duqin isə hesab edir ki, Rusiya “koreyalılar tükənənə qədər” tam səfərbərlik elan etməlidir. “Biz çoxlu yeni döyüşçülər dünyaya gətirməli, 40 illik müharibələrə hazırlaşmalıyıq...”
 
Bəzi şərhçilər belə qənaətə gəlir ki, Allah eləməmiş, Rusiya Ukraynaya qarşı müharibədə qalib gəlsə, digər postsovet respublikalarını da sovet dövrü, yaxud Çar zamanındakı kimi birbaşa özünə tabe etdirməyə, əks halda hərbi yolla işğal etməyə çalışacaq. Görəsən, bir çox parametrlərə görə çökmə ehtimalı çox görünən Rusiya belə müdhiş və çirkin planları həyata keçirmək gücündə ola bilərmi?..
 
Siyasi şərhçi Zərdüşt Əlizadə mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib: 
 
“Rusiyanın qondarma ideoloqları qələt edir, başlarını da daşa döyürlər. Əvvəla, Ukraynada qalib gələ bilməyəcəklər. İkincisi də, digər respublikalara qarşı da heç nə edə bilməyəcəklər. Çünki Rusiyanın özü ağır iqtisadi durumdadır və dünya güclərində asılıdır, deyərdim ki, artıq hətta regional dövlət statusunu da tədricən itirməkdədir. Elmləri yox, texnologiyaları yox, yalnız xammal hesabına, təbii neft, qaz hesabına yaşayan miskin bir dövlətdir. Stalindən qalma atom silahı olmasaydı, ümumiyyətlə, Rusiyanın sifətinə tüpürən də olmayacaqdı...
 
Duqin, bilirsiz, kimdi? Azərbaycanda 1988-1990-cı illərdə gedən milli azadlıq hərəkatı  və AXC hakimiyyəti dövründə ortalığa atılan yalançı, populist qəhrəmanların oxşarıdır. Sadəcə bir az elmi dərəcəsi-filanı var. Amma dılğırın biridir, heç kəsdir... 
 
Və ümumiyyətlə, hesab edirəm ki, artıq Rusiyadan bizə heç bir təhlükə yoxdur. Tarixin öz inkişaf qayda-qanunları var və onları dəyişmək mümkün deyil... Bəli, vaxtilə bu dövlət qalxdı, yüksəldi, genişləndi, xüsusən də müsəlman Şərqinə doğru getdi. Və təəssüf ki, o vaxt Şərqdəki müsəlman dövlətlərinin rəhbərlərinin çoxu səviyyəsiz idilər, başları arvadbazlığa, eyş-işrətə, ölkələrinin sərvətlərini talamağa qarışmışdı, vətən, dövlət, elm, siyasət və s. anlamırdılar. Ona görə də Rusiya onları asanlıqla işğal etdi. Amma indi vəziyyət dəyişib. Düzdür, hazırda Malayziya, İndoneziyanı və Mərakeşi istisna etsək, müsəlman Şərqinin rəhbərləri yenə də səviyyəsizdirlər, avtokrat, diktatordurlar... Bütün hallarda Rusiyanın axırı gəlib...”
 
Sultan Laçın
 
 
Seçilən
0
moderator.az

1Mənbələr