AZ

İlhamə Qədimova: "Fermerlər iqlim risklərini nəzərə alaraq istehsal planlarını formalaşdırmalıdır"

Son dövrlərdə baş verən daşqınlar, ekstremal hava şəraiti və digər iqlim hadisələri fermerlərin fəaliyyətinə ciddi təsir göstərir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fermerlər bu riskləri nəzərə alaraq istehsal planlarını formalaşdırmalıdır: "Dövlət də bu sahədə dəstək mexanizmlərini gücləndirməkdədir. Təəssüf ki, bəzi hallarda məhsul istehsal olunsa da, statistikada bəyan edilmir. Bu da rəsmi rəqəmlərə təsir göstərir. Bununla belə, bazar imkanları da fermerlərin qərarlarına təsir edən əsas amillərdəndir”.

İ. Qədimova əlavə edib ki, iqlim dəyişikliyi aqrar sektorda daim gündəmdə olmalıdır.

Bununla yanaşı nazir müavini bildirib ki, Azərbaycanda bu günə kimi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 900 min subyekt qeydiyyatdan keçib.

Onun sözlərinə görə, sistemə daxil olan subyektlər bir neçə dəfə sistemdən istifadə edib, bu da onların aktiv fəaliyyət göstərdiyini göstərir: “Bu platforma dövlət və özəl sektor nümayəndələrini bir araya gətirərək, aqrar sahənin çağırışlarını və inkişaf imkanlarını müzakirə etməyə şərait yaradır”.

İ. Qədimova Aqrarbiznesin İnkişaf Forumu çərçivəsində ilk dəfə uğurlu fəaliyyət göstərən fermerlərin mükafatlandırıldığını da diqqətə çatdırıb: “Bu təşəbbüs gələcək illərdə də davam etdiriləcək. Forumda müxtəlif sahələrin – iqtisadiyyat, qanunvericilik, maliyyə və sair üzrə mütəxəssislərin iştirakı aqrobiznesin gələcək inkişafına dair dəyərli fikir mübadiləsinə imkan yaradıb”.

Seçilən
0
1
report.az

2Mənbələr