AZ

Latviyanın muzey direktoru: “Xalçaçılıq ənənələrimiz oxşar xüsusiyyətlərə malikdir”

Latviya və Azərbaycan xalçaçılıq ənənələri bəzi oxşar xüsusiyyətlərə malikdir.

"Report" xəbər verir ki, bunu Latviya Milli İncəsənət Muzeyinin Dekorativ Sənət və Dizayn Muzeyinin direktoru İnese Baranovska Bakıda Beynəlxalq Xalça Festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin xalçaçılıq sənəti zəngin tarixə və mədəni mirasa sahibdir: “Amma hər birinin özünəməxsus texnika və ornamentləri mövcuddur. Lakin yenə də bəzi fərqliliklər mövcuddur, amma bu fərqliliklər bizi zənginləşdirir".

İ. Baranovska qeyd edib ki, ötən il muzeydə "Azərxalça"nın təşkilatçılığı ilə Azərbaycan xalçalarının sərgisi təşkil edilib: "Sərgiyə gələn bir çox ziyarətçi qeyd edib ki, bu xalçalar Latviya xalçalarına çox bənzəyir. Lakin hər iki xalqın özünəməxsus etnoqrafik ənənələri var".

O vurğulayıb ki, Latviya xalçaları həm tarixən, həm də estetik cəhətdən müxtəlif dövrlərin və mədəni təsirlərin birləşməsindən yaranıb: “Bu xalçalar, əsasən toxuma texnikası və ornamentləri ilə tanınır. Latviya xalçaları adətən təbii materiallardan, əsasən yun və kətandan hazırlanır. Yun, ənənəvi olaraq təbii rənglərlə boyanır. Toxuma texnikası çox vaxt əl işidir və sadə, amma eyni zamanda mürəkkəb naxışlarla bəzədilib".

Xatırladaq ki, mayın 2-4-də Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə Beynəlxalq Xalça Festivalı keçirilir. Mayın 3-4-də festival İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaraylar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Müxtəlif ölkələrdən gələn nümayəndələr öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.

Seçilən
0
report.az

1Mənbələr