Aprelin 25-də Azərbaycan Mətbuat Şurasında "Olaylar" qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirildi. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirdi ki, "Olaylar" qəzeti və eyni adlı informasiya agentliyi fəaliyyətə başladığı ilk günlərdən populyarlıq qazanıb, ictimai fikrin müntəzəm yayım platformasına çevrilib. "Olaylar"ın insanların mətbu sözə ehtiyac duyduğu bir vaxtda meydana atıldığını diqqətə çatdıran R.Məcid əlavə edib ki, nəşrin tez bir zamanda böyüyən kollektivi işə məsuliyyətli yanaşma tərzi ilə bu ehtiyacı qarşılamağı bacardı. Nəticədə media orqanı informasiya agentliyi olaraq təkcə ölkəmizdə deyil, xaricdə də mühüm istinad mənbəyinə çevrildi ki, bu, ötən illərin qürur dolu xatirəsidir. R.Məcid onu da bildirib ki, bu günün "Olaylar"ı oxucuların müntəzəm görüşünə gələn, özünün dəsti-xətti ilə seçilən milli mətbuatımızın şanlı ənənələrinə sadiq jurnalistika məktəbidir. Bu yüksək statusun əldə edilməsində nəşrin baş redaktoru, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilən, tarixi romanlar müəllifi Yunus Oğuzun xidmətləri misilsizdir. Y.Oğuz ölkəmiz üçün ən çətin zamanda mətbu sözün cəmiyyət həyatındakı rolunu əməli fəaliyyəti ilə sübuta yetirmiş istedad sahibi, jurnalistikanın ölkəmizə qazandırdığı dəyərli ziyalıdır.
MŞ sədri hazırda "Olaylar" Media Qrupu kimi fəaliyyət göstərən strukturun Y.Oğuzun yaradıcı yanaşmasının şah əsəri olduğunu bildirib və Mətbuat Şurasının "Olaylar" qəzetinə diplomunu ona təqdim edib.
Həmçinin Müstəqil Jurnalistlər Konfederasiyasının "Yazarlar" jurnalı, eləcə də "Hədəf" qrpu "Olaylar" qəzetini 30 illik yübiley münasibətilə Fəxri fərmanla təltif ediblər.
"Olaylar" bir fikir məktəbidir
Medianın İnkişafı Agentliyinin İcraçı Direktorunun müavini Natiq Məmmədli bildirdi ki, fəaliyyətə başlamasının 30 illiyi qeyd edilən "Olaylar" özündə dərin mətbu yaddaşı əks etdirən, müstəqillik illərinin salnaməsini yaradan media orqanlarımızdandır. Qazandığı yüksək status isə onu həm də cəmiyyətin azad düşüncə tribunası kimi qiymətləndirməyə əsas verir: "30 ilə dönüb geri baxanda cavan yaşında "Olaylar"da əlinə qələm alıb fəaliyyətə başlayan dostlarımızın saçının ağarmasını görürük. Yəni, təbiət öz əlini gəzdirib insanın simasına. Amma başqa peşələrdən fərqli olaraq biz yaşlaşdıqca daha çox yazıya bağlanırıq. Daha doğrusu, sözləri seçərək, onun qədrini bilərək yazırıq. Bu bacarığı xarakterində cəmləşdirən insanların hamısı Azərbaycanda qəzetlərin ətrafında birləşib". N.Məmmədli əlavə edib ki, bu il Azərbaycan mətbuatının 150 illiyi qeyd edilir: "150 ilin 30 ilində "Olaylar"ın imzası var. Bu 150 ildə yol gələn Azərbaycan jurnalistikası ətrafında cəmləşən elə bir ziyalı yoxdur ki, millətin gələcəyi haqqında düşünsün, amma özünü qəzetdə ifadə etməsin. Elə bir maarifçimiz, elə bir mütəfəkkirimiz yoxdur ki, o bir ocaq kimi qəzetin ətrafında yığışmasın. İndi texnilogiya inkişaf edir, yeni texnologiyalar fonunda hamı özünü jurnalist, fikir daşıyıcısı hesab edir. Əgər obrazlı şəkildə qəzeti köhnə bir ov tüfənginə bənzətsək, onu görməzdən gəlməyə bilmərik. Nəzərə almaq lazımdır ki, köhnə ov tüfəngi də atəş açır və hədəfə dəyir. Ona görə qəzetlə, fikir adamı ilə ehtiramla davranmaq lazımdır". O, bildirib ki, "Olaylar" ın ənənə yaratmış başqa qəzetlərdən fərqli xüsusiyyəti ondan ibarətdir ki, "Olaylar" bir fikir məktəbidir. "Olaylar" həm də bir ədəbi məktəbdir. Onun başında dayanan, rəhbərlik edən şəxsiyyətin öz keyfiyyəti, xarakteri, yaradıcılıq tərzi yaratdığı qəzetdə özünü ifadə edib. Bir yazıçı kimi Yunus Oğuzun məqsədi Azərbaycan türk kimlik yaddaşını diri saxlamaqdan ibarətdir. "Olaylar" da bizim mətbu yaddaşımızdır. Düşünürəm ki, "Olaylar" qəzetinin ən gözəl nümunələri bundan sonra işıq üzü görəcək".
"Olaylar" Azərbaycan mətbuat tarixində özünəməxsus bir iz buraxıb
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, hər bir ölkənin ictimai-siyasi həyatında media böyük bir gücə və rola malikdir: "Demək olar ki, bu gün dünyamızı media idarə edir. Bu gün Azərbaycanda bir neçə qəzet bütün çətinliklərə baxmayaraq ənənəvi medianı davam etdirir. Bu onu göstərir ki, ənənəvi medianı qoryuyb saxlamaq, onun rolunu təmin etmək mümkündür. Düzdür, bu çox çətindir, amma ötən dövrə nəzər saldıqda görürük ki, Azərbaycan mətbuatı şərəfli bir yol keçib. Son illər media subyektləri arasında rəqabət artıb, tez-tez müxtəlif saytlar yaranır. Bu gün saytlar, sosial media var ki, insanlar müxtəlif kanallardan məlumat əldə edirlər. Hazırda qəzeti, xəbər agentliyini saxlamaq, ənənələri davam etdirmək elə də asan məsələ deyil. Amma bunu bəzi mətbu orqanları edirlər ki, onlardan biri də "Olaylar" qəzetidir. Öz dəsti-xətti ilə obyektiv olmaq, orta yol tutmaq, dövlətçilik marağından çıxış etmək, dövlətçilik prinsiplərini qorumaq heç də hər bir media orqanına qismət olan bir məsələ deyil. Medianın əsas məqsədi dövlətçiliyə xidmət, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi olmalıdır. Bu mənada bizim qarşımızda çox böyük vəzifələr durur. Çünki, qlobal media, kənar təsirlər, müdaxilələr fonunda bizim medianın da işi çətinləşir. "Olaylar" 30 il çətinliklərlə müxtəlif mərhələlərdən keçib. 30 il ayaqda qalmaq, bir media quruluşunu saxlamaq asan bir iş deyil. Düşünürəm ki, "Olaylar" Azərbaycan mətbuat tarixində özünəməxsus bir iz buraxıb".
"Olaylar" kimi qəzetlərə həmişə ehtiyac olacaq
Qəzetin baş redaktoru Yunus Oğuzun taleyi ilə "Olaylar" media resursunun taleyinin üst-üstə düşdüyünü diqqətə çatdıran "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, "Olaylar" bir qəzet olaraq Azərbaycanın müstəqilliyi uğrunda gedən mübarizə tarixini özündə yazıb əks etdirib: "Yəqin ki, illər sonra bu dövrü araşdıranda heç şübhəsiz ki, müstəqillik uğrunda mübarizə tarixinin qaynaqlarından olan "Olaylar"a da müraciət edəcəklər. Yunus bəyin özü də bizim millətin, dövlətin və bütün türk tarixinin sanballı araşdırıcılarından biridir. Beləliklə iki tale birləşib-Yunus Oğuz özü Azərbaycan, türk millətinin tarixini araşdıran bir ziyalı kimi ortalığa nümunə qoyub. Qəzet də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixini yazan bir media orqanı kimi ortadadır. Nə qədər ki, dövlətçilik, müstəqillik uğrunda mübarizə var, o ənənələri özündə yaşadan media orqanı olaraq "Olaylar" kimi qəzetlərə həmişə ehtiyac olacaq. Nə qədər çətinlik olsa da "Olaylar" bundan sonra da fəaliyyətini davam etdirəcək. Qəzetdən sayta, saytdan agentliyə keçdiyi kimi gələn "Olaylar" yeni bir seqmenti tapacaq. Ya televiziyası olacaq, ya da texnologiyanın inkişaf səviyyəsindən asılı olaraq hansısa bir formada özünü təsdiqləməyə çalışacaq".
Nə "Olaylar" qəzeti, nə də agentlliyi heç vaxt reketçilik etmədi
Atatürk Mərkəzinin rəhbəri, filalogiya elmləri dokrtoru Nizami Cəfərov qeyd edib ki, "Olaylar" qəzeti və "Olaylar"İnformasiya Agentliyi Yunus Oğuzun yaradıcılığıdır: "90-cı illərin əvvəlində hamı qəzet çıxarırdı, əksər insanlar qəzetlə bağlı idi. Elm sənət, siyasət adamlarının hamısı qəzetlə bağlı idi. Yunus Oğuz bu sahəyə sadəcə özünü qəzetdə sınamaq üçün yox, daha məsləkli, daha əqidəli şəkildə gəlmişdi. Həm də yaxşı məktəb keçmişdi, peşəkar fəlsəfə öyrənmiş adam idi. Bunlar hamısı onun yaradıcılığına təsir elədi. O zaman mətbuatda türkçülük yeni-yeni formalaşırdı. Türk dünyası barədə həqiqətə uyğun olmayan elə şeylər deyirdilər ki, məlumatsız adam onun xeyri, yaxud ziyanının fərqində deyildi. Yunus Oğuz isə bu barədə peşəkar idi. "Əkinçi"dən bəri bizim mətbuatımızda bir sıra mövzular tarix olub. Milliliyimizin göstəricisi dilimiz, tariximiz və etnoqrafiyamız olub. İndi mətbuatımız hər sahədə o milliliyimizi təbliğ edə bilir. Yunuc Oğuzun tarixdən gəlməsi, dili yaxşı bilməsi, ictimai şüurunun geniş olması öz sözünü dedi. Nə "Olaylar" qəzeti, nə də agentlliyi heç vaxt reketçilik etmədi. Hansı ki, o dövrün mətbuatını reketçiliksiz təsəvvür etmək mümkün deyil. "Olaylar"da operativlik də daim yüksək səviyyədə olub. Bu agentlik və qəzet obyektiv məlumat verməyi özünə amal seçib".
Etibarlı söz tribunası
"Olaylar"ın ötən müddət ərzində əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərdiyini diqqətə çatdıran yazıçı-publisist, Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev qeyd edib ki, qəzet daim dövlətçilik mövqeyindən çıxış edib, ölkənin ictimai fikrinin formalaşmasında mühüm rol oynayıb. Əlavə edib ki, "Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların etibarlı söz tribunası kimi fəaliyyət göstərib.
"Olaylar" qəzetinin şərəfli yol keçdiyini qeyd edən Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Zaur Ustac bildirib ki, hazırda da bu qəzet öz mövqeyini qoruyub saxlayır. Bir media quruluşu, kütləvi informasiya vasitəsi kimi cəmiyyətin maariflənməsi, ictimai-siyasi proseslərin təhlili baxımından hər zaman öndə gedir. "Olaylar" xəbərləri təqdim edən və dərc edən bir nəşr olaraq baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayır.
Nasir, tərcüməçi, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əyyub Qiyas də keçmişdə və hazırda "Olaylar" qəzetində işləyənlərin hamısını təbrik edib: "Mən 1995-ci ili xatırlayıram. Onda Sumqayıtda mətbuat yayımında işləyirdim. Qəzetlərin çeşidinin çox olması bizim marağımızda idi. Çünki, yaxşı satış olanda mükafat alırdıq. "Olaylar" o qəzetlərin içində informasiyanın çevikliyinə görə alınan, seçilən qəzetlərdən idi. Onda heç düşünməzdim ki, illər keçəcək, mən Yunus bəylə dostluq edəcəm, yol yoldaşı olacağıq, bir-birimizlə münasibətimiz olacaq. Yunus müəllimlə dostluğuma görə qürur duyuram. Bu qürur illər boyu davam edəcək. Allah var eləsin. "Olaylar" həmişə yaşasın"!
Filologiya üzrə fəlsəfə doktoru, yazıçı və tərcüməçi Kamran Nəzərli bildirib ki, yurnalistika informasiya ilə işləyir, ədəbiyyat isə həmin informasiyanı ədəbi fakturaya çevirə bilir: "Yunus müəllimin başçılıq etdiyi qəzet həm klassik ənənəyə, həm də müasir modern ənənəyə söykənərək xəbər istehsal edir. Bu iki cəhət "Olaylar"ın fəaliyyətində çox önəmlidir.
İçi Azərbaycan ədəbiyyatı qarışıq bütün dünya ədəbiyyatının tarixinə nəzər salsaq görərik ki, yaradıcı insanların əksəriyyəti mətbuatın şinelindən çıxıb. Bu mənada Yunus müəllim də mətbuatdan gələn gözəl yazıçımızdır".
"Olaylar" əslində ən düzgün yolu tutmuş media qurumlarından biridir
Filologiya üzrə fəlsəfə doktoru. "Hədəf" Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadiq qeyd edib ki, 30 il bir mətbuat orqanını ayaq üstə saxlamaq çox çətin məsələdir. Ancaq "Olaylar" 30 il ərzində bir məktəb yaradıb: "Mənim "Olaylar" və Yunus Oğuzla tanışlığım ayrı-ayrı olub. Yunus bəyi bir ədəbiyyatçı, bir yazıçı kimi qəbul etmişəm. Sonradan aydın olub ki, "Olaylar" elə Yunus Oğuzun yaratdığı fəaliyyətdir. Düzdür, 90-cı illər bizim yaş dövrümüzə düşmür, amma qəzetin 2000-ci illlərdən bəri fəaliyyəti gözümüzün qabağındadır. Mən də yazılarımın bu informasiya agentliyində yayımlanmasından məmnunam. Düzdür, ədəbiyyatla mətbuatı aytırmaq çətin məsələdir, amma son dövrlər ayrılmaq xətti alıb. Yunus bəyin həm yazıçı, həm də mətbuat nümayəndəsi kimi yaradıcılığı tamamilə özünəməxsus xəttə malikdir. Bizim üçün də fəxrdir ki, Yunus Oğuz "Hədəf" nəşrlərinin yazıçısıdır. Artıq yeni romanları bizim nəşriyyatda çap olunacaq. Söz vermişik ki, may ayına birini çatdıraq. Yunus bəyin türk dünyası üçün gördüyü işlər danılmazdır".
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, uzun illər "Olaylar" çalışmış Elman Cəfərli deyib ki,
ilk addımlarımızı "Olaylar" dan atmışıq. "Olaylar" dakı mühiti akademiya mühitindən gəlmiş Yunus bəy yaratmışdı. İlk dəfə xəbəri, reportajı necə yazmağı Yunus bəy və Fatma xanımdan öyrənmişik və onların ustad əməyini həmişə qiymətləndirmişəm. Mənim jurnalist fəaliyyətimin 15 ili "Olaylar" da keçib. 10 ildir "Olaylar"da deyiləm, amma yenə də oranı özümün doğma ocağım bilirəm. Hər zaman bizim yetişməyimizdə xidmətləri olmuş bu adamları xoş hisslərlə xatırlayıram.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfüq Ələsgərli bildirib ki,90-cı illərdə yenicə müstəqillik əldə etmiş, demokratik qanunlar qəbul edilmş ölkədə qəzet bumu yaşandı. Həmin dövrdə ortaya çıxan yüzlərlə qəzetin heç də hamısına fasiləsiz fəaliyyət göstərmək, peşəkarlıq məktəbinə çevrilmək və davam edib bu gün çatmaq müyəssər olmadı. "Olaylar" qəzeti həmin dövrdə fəaliyyətə başlamış, fasiləsiz fəaliyyət göstərmiş və bu gün də fəaliyyətini davam etdirən azsaylı media subyektlərindən biridir. Digər media qurumlarının sıradan çıxması təsadüfi deyildi, dövrün özünün, media sahəsinin çətinlikləri onları sıradan çıxartdı. Amma "Olaylar" ona rəhbərlik edən şəxslər sayəsində fədakarlıq göstərərək öz fəaliyyətlərini davam etdirdilər. 90-cı illərin başqa bir çətinliyi də var idi. Azərbaycan müstəqillik qazanmışdı, bunu böyük ruh yüksəkliyi ilə qeyd edirdik. Amma Azərbaycanın gələcəkdə harada olacağı ilə bağlı bir ideoloji çarpışma var idi. Həmin dövrdə bizim media qurumları, bəzi liderlər var idi ki, bu ideloji boşluqdan istifadə edib insanları aydınladıb düzgün istiqamətə yönləndirmək üçün savaş aparırdılar. Tale elə gətirib ki, mən də fəaliyyətimə "Olaylar" İnformasiya Agentliyində başlamışam. O vaxt informasiya çeşidi ilə bağlı heç vaxt bizə məhduduyyət qoyulmayıb. Bir xüsusi tapşırıq var idi ki, türk dünyası, Cənubi Azərbaycan, Bütöv Azərbaycanla bağlı zərrə qədər sapma və naşılıq olmaz. Dediyim ideoloji boşluq və çarpışmaları əgər bu günlə müqayisə etsək görərik ki, "Olaylar" əslində ən düzgün yolu tutmuş media qurumlarından biridir".
İqtisad üzrə fəlsəfə doktoru, "İqtisadi araşdırmalar - beynəlxalq jurnal"ın təsisçisi, "Turan Araşdırma Mərkəzi" İctimai Birliyinin sədr müavini Cavid İsmayıl bildirib ki, mətbuat tariximizin 150 illiyinə, bir az da dərinə getsək çağdaş tariximizin 250 illiyinə nəzər yetirsək, görərik ki, son 30 ildə "Olaylar" qəzetinin fəaliyyəti tariximizin ən şərəfli, ən mürəkkəb dönəminə düşüb. Mənim də bütün yazılarım "Olaylar"dan başlayıb. Yubiley münasibətilə bütün kollektivi təbrik edirəm.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist, "Bayraqdar Media"nın baş redaktoru Azər Həsrət mətbuatda ilk addımını "Olaylar"da atdığını qeyd edib: "Mətbuatda ilk addımlarımı atan birisi olaraq yolumun "Olaylar"dan keçdiyinə görə, özümü şanslı sayıram. Milli-ideoloji mətbuat orqanından keçmək mənim üçün həqiqətən də uğurlu bir başlanğıc olub. Düzdür, ona qədər də mənim mediada fəaliyytim olub. Amma "Olaylar" məktəbi bir başqa idi. Ümumiyyətlə "Olaylar" ailəsini həmişə xoş duyğularla yad eləmişəm və bu gün də "Olaylar"la əməkdaşlıqdan məmnunam. Bizimlə bağlı yazılar, şərhlər verilir. "Olaylar"da bizim haqqımızda yazılanları sevə-sevə oxuyuram. Ümumilikdə "Olaylar"a bağlılığmı heç vaxt kəsməməyə çalışıram. 30 il tarix üçün elə də böyük bir zaman deyil. Amma nəzərə alaq ki, Azərbaycanın müstəilliyinini cəmisi 34 ilini yaşamışıq və onun30 ili "Olaylar"ın taleyinə düşüb. "Olaylar" Azərbaycan dövltçiliyinin səlnaməçilərindən biridir. Azərbaycanın müstəqillik dövründə elə bir mərhələ yoxdur ki, "Olaylar" ona işıq tutmasın. Aradan illər keçəcək, kimlərsə araşdırma aparanda mütləq ki, "Olaylar" qəzetini də araşdıraraq Azərbaycanın 30 ilini öyrənəcəklər".
Bütün fəaliyyətində mətbuatla əməkdaşlıq etdiyini qeyd edən şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz mətbuatın əhəmiyyətini yüksək qiymətləndirib: " Birinci gündən demişəm ki, Yunus Oğuzun ədəbiyyatında publisistika var. Əslində onun bütün həyatında publisistika var. Çünki, ədəbiyyatın özü publisistikadır. Uydurmaları kənara qoyanda qalan nə varsa hamısı xəbərdir. Xəbər olan yerdə mütləq publisistikaya meyl edilir. Ədəbiyyat o zaman ədəbiyyat olur ki, əsər o zaman əbədiləşir ki, onun daxilində insanlara çata biləcək, xoşbəxt edəcək bir xəbər olsun. Ona görə də Yunus bəyin ədəbi publisistikası çox qiymətlidir. Ona görə ki, bu xəbəri siz əvvəlcə özünüzə, ətrafınıza, sonra isə dünyaya yayırsız. Bu özü də bir qeyrətin göstəricisidir. Həqiqət budur ki, özünün çərçivə divarın olmasa qonşunun da mənası itər. Hər şeydən öncə özünü düşünməli, özün öyrənməli, sonra sivlizasiyaların qarışığına getməlisən, öyrənməli və öyrətməlisən. Bu ənənəyə sadiq qalaraq Türk dünyasının siyasi-içtimai, ədəbi aləmini əhatə etməyə çalışırsız. Arzu edirəm, gün o gün olsun Təbrizdə yubileyinizi qeyd edəsiniz.
VƏ...
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu,"Azərbaycan məktəbi" jurnalının Baş redaktoru Arzu Soltan, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, "Crossmedia.az" saytının baş redaktoru Mübariz Göyüşlü, şair-jurnaist Faiq Balabəyli, peşəkar jurnalist Natəvan Bayramova, AMEA Mərkəzi Nəbatat bağının aparıcı elmi işçisi Sadiq Qarayev və başqaları bildirdilər ki, ötən müddətdə əsl jurnalistika məktəbi kimi fəaliyyət göstərən "Olaylar" yalnız qələm sahiblərinin deyil, eyni zamanda, ölkəmizin dəyərli ekspert və mütəxəssislərinin yetişməsində də mühüm rol oynayıb. Çıxış edənlər hər zaman dövlətçilik xəttinə sadiq "Olaylar"ın hazırda da eyni missiyanı layiqli şəkildə daşıdığını, ölkəmizdə ictimai fikrin formalaşmasında oturuşmuş mövqeyə sahib olduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların etibarlı söz tribunası olaraq tanındığını vurğulayıb, xatirələrini bölüşərək təbriklərini çatdırdılar. Ayrı-ayrı çıxışlarda yubilyar nəşrin keçdiyi yolun gələcək üçün möhkəm baza və etibarlı təminat yaratdığına dair fikirlər səslənib, bu istiqamətdə müvafiq əsaslandırmalar aparılıb.
Sonda çıxış edən "Olaylar" qəzetinin və eyni adlı informasiya agentliyinin rəhbəri Y.Oğuz toplantı iştirakçılarına təşəkkürünü dilə gətirib. O, yubilyar media orqanının hazırkı mövqeyə yiyələnməsində kollektivin hər bir üzvünün əməyinin olduğunu deyib, "Olaylar"a verilən dəyərdən məmnunluğunu ifadə edib. Y.Oğuz "Olaylar" ailəsinin qarşıdakı müddətdə də ənənələrinə sadiq şəkildə fəaliyyət göstərəcəyinə inandığını bildirib.
Alim Hüseynli
REDAKSİYADAN... Və beləliklə gəlib çatdıq 30-a... Elə bil qəzetin ilk sayı dünən çıxmışdı. İllər nə tez ötürmüş..Hər şey bir göz qırpımında. Amma bu 30 ildə acılı-şirinli o qədər hadisələr baş verib ki... Acısı da, şirini də xatirəyə dönüb. Yarandığı ilk gündən "Olaylar" bir ailə oldu. Və bu ailədə ilk addımlarını qəzetin səhifələrində, redaksiyanın dəhlizlərində atan onlarla, bəlkə də yüzlərlə jurnalist yetişdi. Bu gün "Olaylar" olaraq onların hər biri ilə qürur duyuruq. Onlar da bizi sevirlər.... "Olaylar"ın bu səmimi ailəsində (zatən bu ailədə qeyri-səmimi olmaq mümkün deyil. Çünki ruhumuz belədir) yetişən media nümayəndələri, hətta bu qəzetdə bircə yazısı belə gedən hər hansı bir insan bu mətbu orqanını özünə ocaq, dədə evi bildi. Ona görə də, "Olaylar"ın yubileyinə hazırlaşanda, siyahımız bir toy siyahısına bənzədi. Burada bir zamanlar "Olaylar"da calışmış, əməkdaşlıq etmiş insanların və təşkilatların adları yer alırdı. Bizim sevdiyimiz və bizi sevənlər nə coxmuş... Bilməmişik!..
Təşəkkür borcumuz var! Əvvəlcə dövlətimizə! Sonra yubiley tədbirimizdə sevə-sevə iştirak edən bütün insanlara, saysız-hesabsız təbrik məktubu göndərənlərə və bir də Azərbaycan Mətbuat Şurasına, şuranın sədri Rəşad Məcidə! Rəşad Məcid və onun rəhbərlik etdiyi kollektiv bu tədbirin ən yüksək səviyyədə kecirilməsi üçün xüsusi bir canıyananlıq göstərdilər. Əslində bəlkə də bunun adına çanıyananlıq yox, sevgi deməliyik! Və ən önəmlisi "Olaylar"ın yubiley tədbirinə çox incə bir məqam bir az da şirinlik qatdı... Rəşad Məcidin atmacaları! Bilirik, bu da hörmət və sevgidən idi! Təşəkkürlər Azərbaycan Mətbuat Şurası! Sağ olun əziz dostlar!