AZ

Məmməd Musayev: “Azərbaycanda 17 ildə aqroməhsullarının istehsalı 2,5 dəfə artıb”

Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsullarının 99 %-dən çoxu məhz özəl sektor tərəfindən istehsal olunur, halbuki müstəqilliyinin ilk illərində bu göstərici cəmi 1 % idi.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumu çərçivəsində “Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış” paneli çərçivəsində deyib.

Onun sözlərinə görə, sahibkarlar yalnız istehsalda deyil, məhsulların emalı, qablaşdırılması və bazara çıxarılmasında da mühüm rol oynayırlar: “Bu fəaliyyət nəticəsində yerli məhsulların rəqabət qabiliyyəti artır. Hazırda Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 1,4 milyon nəfəri ötüb və onların 87 %-i kənd təsərrüfatı sektorunda çalışır. Eyni zamanda bu sahədə 12 mindən artıq hüquqi şəxs fəaliyyət göstərir. 2007–2024-cü illər ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 2,5 dəfə artıb”.

O bildirib ki, bu ilin yanvar-mart aylarında yerli sahibkarlar xaricə 153 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz, 14 milyon ABŞ dollarlıq içki məhsulları və 40 milyon ABŞ dollarından çox pambıq məhsulları ixrac ediblər.

M.Musayev dünyada gedən iqlim dəyişikliklərinin Azərbaycanda kənd təsərrüfatına da təsir etdiyini deyib: “Məhsuldarlığın və su ehtiyatlarının azalması, fermer gəlirlərində azalma fonunda vaxtında və sistemli tədbirlərin görülməsi vacibdir”.

Onun fikrincə, kənd təsərrüfatında maliyyəyə çıxış imkanlarının artırılması zəruridir: “Kredit, zəmanət və sığorta mexanizmlərinin təkmilləşdirilməsi, kooperativ təsərrüfatların yaradılması, vergi və subsidiya siyasətinin gücləndirilməsi, fermerlərin regionlarda maliyyə resurslarına çıxış imkanlarının artırılması prioritet məsələlərdir. Torpaq və su ehtiyatlarından səmərəli istifadə üçün elmi yanaşmalara, rəqəmsal monitorinq sistemlərinə və yerli şəraiti nəzərə alan agronomik modellərə ehtiyac var”.

Onun sözlərinə görə, bu məsələdə dövlət-özəl sektor əməkdaşlığı əsas rol oynayır: “Azərbaycan Sahibkarlar Konfederasiyası nəzdində fəaliyyət göstərən Aqrar İnkişaf Komissiyası aidiyyəti qurumlar, fermerlər və ekspertlərlə birgə bu problemləri müzakirə edir və həll yolları axtarır. Bu əməkdaşlıq yerli istehsalın güclənməsi, məhsul dəyər zəncirinin tamamlanması və ixracın artması baxımından mühüm rol oynayır. Nəticədə həm dövlət gəlirləri artır, həm də sahibkarlar yeni bazarlara çıxış imkanları əldə edirlər”.

M. Musayev əlavə edib ki, Səudiyyə Ərəbistanında keçirilən Məkkə Halal Forumunda yerli məhsulların tanıdılması üçün yeni imkanlar yaranıb: “İslam ölkələrinin Azərbaycan kənd təsərrüfatı məhsullarına marağı yüksəkdir. Bu, xüsusilə orqanik məhsullar üçün böyük üstünlükdür”.

Seçilən
0
report.az

1Mənbələr