AFFA İntizam Komitəsi U-13 Liqasında çıxış edən Gəncənin "Çinar" komandasının iki üzvünü cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, aprelin 20-də "Hünər"ə qarşı keçirilən ev qarşılaşmasının 51-ci dəqiqəsində "Çinar"ın rəsmisi Elçin Quziryani meydana daxil olaraq hakimin qərarına etiraz edib.

Qırmızı vərəqə alan E.Quziryaniyə komitə tərəfindən 2 oyunluq cəza verilib.

Bundan bir həftə sonra "Çinar"ın baş məşqçisi Teymur Nəbiyev hirsini hakimlərin üzərinə töküb. O, "Şəmkir"lə səfər matçının 47-ci dəqiqəsində ədalət təmsilçilərini təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb.

T.Nəbiyev 5 oyun diskvalifikasiyaya məruz qalıb.