BAKI, 2 may. TELEQRAF
İran sənədləri göstərir ki, Tehran İkinci Dünya müharibəsindən sonra ABŞ-nin Avropada tətbiq etdiyi və Vaşinqtonun qitəyə nəzarətini gücləndirməsinə səbəb olan Marşal planından ilhamlanaraq Suriya üçün plan hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Qeyd olunur ki, İran ABŞ-ni təqlid edərək, Suriyanı öz nəzarətinə keçirmək üçün bu ölkənin qurulmasına milyardlarla dollar xərcləməyi planlaşdırıb.
33 səhifəlik İran planında dəfələrlə ABŞ-nin Marşal planına istinad edilir və ABŞ-nin iqtisadi, siyasi, sosial və mədəni baxımdan Avropanı özündən asılı vəziyyətə salmaqda uğuru təsvir olunur.
“Reuters”in müxbirləri 2022-ci il may tarixli sənədi ötən ilin dekabrında talan edildikdən sonra Dəməşqdəki Tehran səfirliyində tapıblar.
Plan Suriyada yerləşən iqtisadi siyasətlər üzrə ixtisaslaşmış İran bölməsi tərəfindən hazırlanıb. Sənəd orada və paytaxtın digər yerlərində tapılan yüzlərlə sənəd arasında olub.
Sənədlər İranın uzun müharibə zamanı keçmiş prezident Bəşər Əsədi xilas etmək üçün xərclədiyi milyardları necə geri almağı planlaşdırdığını da üzə çıxarıb.
Sənədlərdə həmçinin “iqtisadi imperiya”nın qurulması və Suriyada İran təsirinin gücləndirilməsi ilə bağlı strategiya da yer alıb. “Reuters” yazır ki, bu plan ötən ilin dekabrında müxalifətin hakimiyyəti ələ keçirməsindən sonra pozulub. Bu, Əsədin qaçmasına və Tehranın dəstəklədiyi silahlı qruplaşmaların və İran şirkətlərinin Suriyadan çıxarılmasına səbəb olub. Üstəgəl, İranın Dəməşqdəki səfirliyi talan edilib.
Agentliyin məlumatına görə, Tehran Latakiyadakı elektrik stansiyasına 411 milyon avro sərmayə qoyub, amma sonradan tikinti dayanıb.
Tehran həmçinin şərq səhrasında neft hasilatı layihəsindən imtina edib və 26 milyon dollarlıq dəmir yolu körpüsü hava hücumu nəticəsində dağılıb və təmir olunmayıb.
Sənədlərdə təxminən 40 layihədən bəhs edilir, bu da İranın ümumi investisiyalarının yalnız kiçik bir hissəsini təşkil edir. Bununla belə, Suriyanın İran şirkətlərinə olan borcları müharibənin sonuna doğru ən azı 178 milyon dollar təşkil edib. Tehran isə Əsəd devrildikdən sonra Dəməşqdə “30 milyard dollarlıq borc”u tələb etmişdi.