AZ

Paşinyanın ətrafı ABŞ-da səfir olmaq üçün savaşır

Nikol Paşinyanın silahdaşları - əmək və sosial təminat naziri Narek Mkrtçyan və deputat Arsen Torosyan Ermənistanın ABŞ-dakı səfiri postu uğrunda qeyri-rəsmi, lakin qızğın mübarizəyə girişiblər.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Lilit Makuntsun səfirlik müddəti başa çatmaq üzrədir və hakim isteblişment bu vakansiyanın diplomata yox, siyasi cəhətdən sadiq bir şəxsə veriləcəyini qənaətindədir.

Savaşa qalxanlardan biri Arsen Torosyan son vaxtlar baş nazir Nikol Paşinyanı xarici səfərlərdə fəal şəkildə müşayiət edir və öz himayədarının tezislərini təbliğ etmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır.

Narek Mkrtçyan da boş yerə vaxt itirmir. Mülki Müqavilənin xarici əlaqələr kuratoru kimi o, müntəzəm olaraq ABŞ-a səfər edir, forumlarda və siyasi görüşlərdə iştirak edir. Onun aktivlərinə Marko Rubio ilə fotosu və Donald Trampın andiçmə mərasimi şərəfinə təşkil olunan ziyafətə qatılması daxildir.

Narek Mkrtçyan, Hraparakın fikrincə, hələ də hakim komanda daxilində ABŞ-da səfir postuna ən çox ehtimal olunan namizəd hesab olunur.

Yada salaq ki, hakim “Mənim addımım” fraksiyasının keçmiş rəhbəri, diplomatik təcrübəsi olmayan Lilit Makunts 2021-ci ilin avqustunda Ermənistanın Amerika Birləşmiş Ştatlarına səfiri təyin edilib. Onun təyinatı həm Ermənistanın özündə, həm də ABŞ-dakı erməni diasporu arasında tənqidlərə səbəb olmuşdu.

Seçilən
0
1
herbiand.az

2Mənbələr