AZ

Tesla-da qeyri-müəyyənlik - Maskın iş yükü azalır

BAKI, TurkicWorld

Tesla, İlon Maskın vəzifədən uzaqlaşdırılacağına dair iddiaları təkzib edib.

TurkicWorld xəbər verir ki, elektrikli avtomobil istehsalçısı Tesla-nın rəhbərliyi, CEO İlon Maskın işdən çıxarılacağı ilə bağlı yayılan məlumatları “tamamilə yalan” adlandırıb.

Tesla-nın İdarə Heyətinin sədri Robyn Denholm "Wall Street Journal"da dərc olunan xəbəri qəti şəkildə təkzib edərək bildirib ki, şirkətin baş icraçı direktoru vəzifəsində İlon Mask qalır və onun liderliyinə tam inam var.

CNBC-nin məlumatına əsasən, sözügedən iddialarda Tesla-nın bəzi icraçı axtarışı şirkətləri ilə əlaqə saxladığı və yeni CEO axtarışında olduğu irəli sürülüb. Xəbər yayıldıqdan sonra Tesla-nın səhmləri Robinhood platformasında 3 faizə qədər dəyər itirib, lakin sonradan bərpa olunub.

İddialar Tesla-nın ilin birinci rübündə satış və mənfəət göstəricilərinin gözləntilərin altında qalmasından sonra ortaya çıxıb. Şirkətin ümumi gəliri 9 faiz azalaraq 19,3 milyard dollar təşkil edib. Xalis mənfəət isə ötən illə müqayisədə 71 faiz azalaraq 409 milyon dollara düşüb.

İlon Mask keçən həftə verdiyi açıqlamada, may ayından etibarən Tesla-da həftədə yalnız bir və ya iki gün işləyəcəyini, vaxtının qalan hissəsini isə ABŞ-da “Hökumət Effektivliyi Departamenti” təşəbbüsünə sərf edəcəyini bildirib. Bu bəyanat şirkətin investorları arasında qeyri-müəyyənlik yaradıb.

Qeyd edək ki, Tesla-nın SUV modeli Model Y-nin yenilənməsi, qiymət endirimləri və istehsal xətlərindəki dəyişikliklər satışlara təsir göstərib. Şirkət ilin əvvəlindən bəri səhm dəyərinin 30 faizindən çoxunu itirib.

Seçilən
0
turkic.world

1Mənbələr