“78-79 yaşındakı bir insanın qeyri-ardıcıl olmasında da təəccüblü bir şey yoxdur...”
“ABŞ prezidenti Donald Trampın 100 günlüyü tamam oldu və o, nə qədər şoumenlik nümayiş etdirsə də, öz seçicilərinə ciddi bir naliyyətini təqdim edə bilmədi. Eyni zamanda beynəlxalq səviyyədə Ukrayna ilə bağlı verdiyi vədləri yerinə yetirə bilmədi. Və Tramp bir Amerika prezidenti olsa da, ölkəsinin ən həlledici qlobal güc olması baxımından onun kimliyi, dövlət başçısı olaraq necə işləməsi digər ölkələr, xüsusən də hazırda Rusiyanın genişmiqyaslı təcavüzü ilə üz-üzə qalmış Ukrayna üçün də çox vacibdir. Bu mənada uzun illər Ukraynada yaşayıb ictimai-siyasi fəaliyyətlə məşğul olan, hərbi sahə ilə yanaşı, siyasi sahədə də 40 ilə yaxın təcrübəsi olan biri kimi onun ikinci dönəm Prezident seçilməsindən ötən 5 aydan çox müddətdə Tramp barədə hansı nəticələrə gəlmisiz? O kimdir? Bəziləri bir növ konspirologiyaya yuvarlanaraq deyirlər ki, guya Tramp ABŞ “dərin dövləti” ilə bağlıdır, onun arxasında Rokfellerlər ailəsi dayanır, o mərhum Henri Kissincerin Ukrayna ilə bağlı Çinin çevrəyə alınması planını həyata keçirir və bütün bu çıxışları bilərəkdən edir. Və s. Siz necə düşünürsüz?”
Bu suallarla müraciət etdiyimiz Ukraynada fəaliyyət göstərən hərbi ekspert, Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri, ehtiyatda olan polkovnik Elxan Nuriyev Moderator.az-a açıqlamasında aşağıdakıları mülahizələri ifadə edib:
“İstənilən halda Tramp ekstravaqant bir insandır. 78-79 yaşındakı bir insanın qeyri-ardıcıl olmasında da təəccüblü bir şey yoxdur. Təbii ki, seçkilər zamanı 75 milyon insanı aldatmışdı ki, guya Rusiya-Ukrayna savaşını 24 saata bitirəcək, o cümlədən Kanada və digər ölkələrlə bağlı problemləri həll edəcək. Amma onun verdiyi heç bir vəd yerini almadı. Hətta aprelin 29-da onun Kanada ilə bağlı məyusluğu baş tutdu – çünki həmin ölkədəki seçkilərdə istefa vermiş keçmiş baş nazir Castin Trüdonun Liberallar Partiyası hakimiyyətini qoruya bildi. Parlamentdəki İcmalar palatasındakı 343 yerdən 164 yeri liberallar uddu. Müəyyən mənada ABŞ hakimiyyətinə yaxın olan konservatorlar isə 148 yer götürdülər...
Bilirsiz, mən də konspirologiyanın əleyhinəyəm... Amma Tramp çox spesifik düşüncəli bir adamdır. Məsələn, bir tərəfdən, onun birinci prezidentlik dövründə Dövlət katibi Pompeonun imzasıyla Krımın heç zaman başqa ölkənin ərazisi olmamasıyla bağlı qərar 25 iyul 2018-ci ildə Konqresdə səsə qoyulub və qəbul edilib, bir tərəfdən, doğrudan da Ukraynaya 2019-cu ildə ilk öldürücü silahları – “Javelinləri” verən Trampdır, digər tərəfdən isə bu gün gördüyümüz kimi, necə deyərlər, “sağ” deyir, “sol” vurur, “sol” deyir, “sağ” vurur, yəni çox qeyri-ardıcıl addımlar atır. Məsələn, Zelenskini “diktator” adlandırdı – 4 gündən sonra dedi ki, mən belə bir söz deməmişəm... Lakin Tramp əsas Amerika xalqının problemidir.
Təbii ki, biz çox istərdik ki, Avropa Birliyi kimi Birləşmiş Ştatlar da Ukraynanın müttəfiqi olaraq qalsın. Bu bizi gücləndirir. Ancaq hətta bu gün ABŞ Avropa Birliyi və Ukrayna ilə müttəfiqliyi ikinci plana keçirirsə də, bu bizi o qədər də təşvişə salmır, sadəcə olaraq Rusiya üzərində qələbənin vaxtını uzadır. Amma Amerika tarixində oxşar situasiyalar olub. Elə Birinci və İkinci Dünya müharibələri dövründə də... Böyük Britaniyanın baş naziri Uinston Çörçilin 3 dəfə ABŞ-a səfərindən sonra, axır ki, prezident Franklin Ruzvelt Hitler Almaniyasına qarşı vuruşmaq üçün Avropa ölkələrinə, o cümlədən Britaniyaya silah-sursat verməyə, lend-liz açmağa razılaşdı...
Bu mənada amerikalılar okeanın o tayında guya özlərini təhlükəsizlikdə hiss edirlər... Təbii ki, gerçəklik belə deyil. Və hazırda, necə deyərlər, aydınlaşma prosesi gedir, fərqli proseslər başlayır. Doğrudan da, siz dediyiniz kimi, bəziləri deyirlər ki, guya Tramp bilərəkdən bu oyunları ortalığa atır ki, Putin Rusiyasını Çinin ağuşundan qoparsın... Amma onu dərk etmir ki, Rusiya ilə Çinin dövləti yanaşmaları və dövləti idarəetmə prinsipləri oxşardır. Hər iki ölkədə avtokratik hakimiyyətlərdir və başqa hallarda həmin dövlətlər dağıla bilər. Məsələn, bu gün Çin Kommunist Partiyası çoxpartiyalılıq elan etsə və ölkədəki azsaylı xalqlara, deyək ki, Uyğur türklərinə, yaxud Tibetdəki xalqlara müəyyən dərəcədə siyasi azadlıqlar verilərsə, Çində iğtişaşlar-filanlar baş qaldıra bilər... Eynilə Boris Yeltsinin federasiya qurumlarının müstəqillikləri haqda açıqlmasından sonra Rusiyada Çeçenistan, Tatarıstan və s. problemlərin yarandığı kimi... Ancaq onsuz da bütün imperiyalar, xüsusən də hazırkı durumunda Rusiya gec-tez məhvə məhkumdur. Və bu, qaçılmazdır...
Sultan Laçın