BAKI, TurkicWorld
“Suriya Prezident Sarayının yaxınlığındakı hədəfi vurduq.”
TurkicWorld xəbər verir ki, İsrail ordusu Dəməşqdə Prezident Sarayının yaxınlığında yerləşən bir hədəfə zərbə endirdiyini açıqlayıb.
İsrail tərəfindən verilən açıqlamada hücumun, Dürzi icmasına qarşı təhlükələri önləmək məqsədilə həyata keçirildiyi bildirilib.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yisrael Katz birgə bəyanat yayaraq, hücumu Suriyadakı son gərginliklərlə əlaqələndiriblər. Bildirilib ki, hücum Dürzi qrupları ilə Suriya hökumətinə bağlı qüvvələr arasında qarşıdurmaların artması fonunda həyata keçirilib.
Açıqlamada “Prezident Sarayının yaxınlığındakı hədəfi vurmaqla Suriya rejiminə açıq mesaj göndəririk. Dürzi icmasına qarşı hər hansı təhdidə dözməyəcəyik” ifadələri yer alıb. Eyni zamanda vurğulanıb ki, Dəməşqin cənubuna hərbi qüvvələrin yerləşdirilməsinə icazə verilməyəcək.
“Dürzilərə qarşı hücumlar davam edərsə, sərt cavab verəcəyik” - deyə İsrailin müdafiə naziri Katz isə son bəyanatında bildirib. İsrailin Maariv nəşrinin yazdığına görə, təhlükəsizlik rəsmiləri Suriyanın yeni hökumət qüvvələrinin Druz Dağı istiqamətində hərəkət etdiyini və Dürziləri qorumaq bəhanəsi ilə əraziyə daxil olduğunu iddia edirlər. İsrail tərəfi isə bunun təhdid kimi qəbul ediləcəyini bəyan edib.
Digər tərəfdən, Suriya hökumətinə yaxın SANA agentliyinin yaydığı məlumata əsasən, Dəra və Sveyda vilayətləri arasındakı ərazilərdə təhlükəsizliyi təmin etmək məqsədilə Ümumi Təhlükəsizlik Departamentinin qüvvələri yerləşdirilib.
Dürzi əhalisinin yaşadığı Jaramane məhəlləsində isə son günlər toqquşmalar və gərginliklər baş verib. Suriyanın təhlükəsizlik qüvvələri bölgədəki nəzarəti gücləndirmək üçün tank və ağır silahlı qüvvələr yeridib. Məlumata görə, bəzi Dürzi silahlı qruplarının hökumət qüvvələri ilə qarşıdurmasından sonra Jaramane və ətraf bölgələrdə nəzarət bərpa edilib.
İsrail mediası hücumların mayın 1-i axşam saatlarında həyata keçirildiyini və Sahnaya bölgəsinə 5 döyüş təyyarəsi ilə 9 hava zərbəsi endirildiyini qeyd edir. Hücum nəticəsində azı 2 nəfərin öldüyü bildirilir. Eyni zamanda, toqquşmalarda yaralanan 5 Dürzinin müalicə üçün İsrailə aparıldığı da iddia olunub.
İsrailin Xarici İşlər naziri Gideon Saar beynəlxalq ictimaiyyəti Suriyaya müdaxilə etməyə çağırıb və Dürzi icmasının müdafiəsi üçün beynəlxalq səviyyədə tədbir görülməsinin vacibliyini vurğulayıb.