Aprelin 23-də İstanbul sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra rusiyalı turistlərin İstanbula marağı azalıb.
Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, türkiyəli seysmoloqların daha böyük zəlzələnin ola biləcəyi ilə bağlı açıqlamaları da rusiyalı turistlərin narahatlığına səbəb olub. Rusiya Tur Operatorları Birliyi (ATOR) yaxın tarixlər üçün İstanbul turlarının təxminən yüzdə 30-unun ləğv edildiyini açıqlayıb.
“Art-Tur” turoperatorunun direktoru Dmitri Arutyunov qeyd edib ki, bir çox müştərilər səfərlərini tamamilə ləğv etməkdənsə, daha sonrakı tarixlərə təxirə salıblar. Həftəsonu uçuşları və 3-4 gecəlik qısa tətillər kimi təklif edilən İstanbul turlarının əksəriyyəti heç bir cərimə olmadan və tam geri qaytarılma ilə yenidən planlaşdırılıb. Xüsusilə may bayramları ətrafında iki nəfərlik turların qiyməti 70 ilə 80 min rubl arasında dəyişir.
Bununla belə, bəzi sənaye nümayəndələri ləğvlərin şişirdilmiş olduğunu düşünürlər. “Rozovy Slon” turizm agentlikləri şəbəkəsinin baş meneceri Aleksandr Mkrtçyan satışlarda 15-20 faiz azalma olduğunu etiraf etsə də, bunun müvəqqəti olduğunu iddia edib. Mkrtçyanın sözlərinə görə, İstanbul indi Avropaya gedən bir çox rus turisti üçün tranzit məntəqəsinə çevrilib və tələb bir neçə həftə ərzində yenidən arta bilər.
Hazırda təxminən 150 min rusiyalı turist Türkiyədə istirahət edir.