BAKI, 2 may. TELEQRAF
Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası Bakıda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Hakimlər İttifaqı İdarə Heyətinin sədri Ramiz Rzayev rəsmi dövlət qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Azərbaycan 2025-ci ildə BHA-nın 67-ci Baş Assambleyasına ev sahibliyi etmək hüququnu böyük səs çoxluğu ilə qazanıb:
"Bu, beynəlxalq hüquq ictimaiyyətində ölkəmizin müasir hüquq sisteminin yüksək səviyyədə tanınmasının bariz nümunəsidir. Biz 91 ölkədən 300-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulan bu möhtəşəm tədbirə evsahibliyi etməklə, milli hüquq sistemimizi deyil, ümumilikdə Azərbaycanın mədəni irsini və qonaqpərvərliyini dünya ictimaiyyətinə təqdim edəcəyik. Biz bu tədbirə ciddi hazırlaşırıq və inanıram ki, ölkəmiz tədbirin keçirilməsinə layiqli evsahibliyi edəcək, beynəlxalq aləmdə Azərbaycanın imicinin artmasına öz töhfəsini verəcəkdir".