AZ

Uzunmüddətli etibarlı əməkdaşlıq modeli

Azərbaycan və Böyük Britaniya iqtisadi sahədə əməkdaşlığın yeni strateji kursunu müəyyən edib

Azərbaycan və Böyük Britaniya iqtisadi sahədə əməkdaşlığı gücləndirmək, yeni layihələr icra etmək məqsədilə yeni strateji kurs müəyyən edib. Tərəflər  enerji, sənaye, qarşılıqlı investisiya, nəqliyyat, aviasiya, rəqəmsal tikinti və mina təmizləmə sahələrində əməkdaşlığı artırmaq məqsədilə ikitərəfli ticarət və investisiya platformasının yaradılması imkanlarını müəyyənləşdirib. Londonda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında Komissiyanın həmsədri, Birləşmiş Krallığın biznes və ticarət üzrə dövlət katibinin müavini Qaret Tomas bildirib ki, iki ölkənin əməkdaşlıq gündəliyi olduqca zəngindir və yeni hədəf prioritetlərini nəzərdə tutur.

Yeni enerji hədəfləri

Hökumətlərarası Komissiyanın həmsədri Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, ölkəmizin əsas ticarət tərəfdaşı olan Birləşmiş Krallıqla münasibətlərin inkişafına və çoxşaxəli əməkdaşlığa xüsusi önəm verilir. Böyük Britaniya 37 milyard dollardan çox sərmayə qoyuluşu ilə Azərbaycanda ən iri xarici investor statusunu qoruyur. Ölkəmizdə müxtəlif sahələrdə 500-dən çox Britaniya şirkətinin aktiv fəaliyyəti, cari ilin 1-ci rübündə ikitərəfli ticarət dövriyyəsinin 4 dəfə artması ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dinamik inkişafının göstəriciləri kimi qiymətləndirilib.

Böyük Britaniya enerji sektorunda ölkəmizin ən mühüm strateji tərəfdaşıdır. 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının işlənməsində “bp” şirkətinin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Hasilatın Pay Bölgüsü Sazişi üzrə enerji hərəkatında misilisz uğurlara imza atıb. Şirkət Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru olmaqda davam edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Şahdəniz qaz layihəsi, “Azəri-Çıraq-Günəşli” neft yataqları bütövlükdə “bp”nin ən böyük xarici layihəsi hesab olunur. Bu əməkdaşlığın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və “bp”-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Sazış imzalanıb. Həmçinin, 2018-ci ilin aprelində SOCAR və “bp” arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Həmçinin Azərbaycanın neft-qaz sektoruna 35 milyard dollardan artıq sərmayə qoymuş “bp” ilə qaz nəqli və ixracı sahəsində də möhkəm təməllər qoyulub. Səmərəli tərəfdaşlığın nümunəsi olaraq Cənub Qaz Dəhlizində tərəflər birgə iradə nümayiş etdirərək Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu davam etdirir. Habelə, AÇG yatağında hasilatın sabitləşdirilməsi və maksimum səviyyəyə çatdırılması ilə yanaşı, yeni layihələrin icrası istiqamətində də genişlənir.

“bp”nin Cəbrayılda “yaşıl enerji” planları...

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın müasir gündəliyində qeyri-neft sahələri üzrə birgə layihələrin icrasının sürətləndirilməsi, “yaşıl enerji” sektorunda sərmayə qoyuluşlarının təşviqi ön planda dayanır. 2021-ci il mayın 20-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəddə iki ölkə arasında enerji məsələlərində, o cümlədən bərpaolunan enerji, enerji səmərəliliyi, aşağıkarbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri kimi sahələrdə əməkdaşlıq və iqlim dəyişikliyi probleminin həlli imkanlarının araşdırılması nəzərdə tutulur.

Ötən il bərpaolunan enerji sahəsində birgə əməkdaşlığın ən uğurlu modeli kimi SOCAR-la “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına dair saziş imzalanıb. Fəal tikinti mərhələsinə tezliklə start veriləcək. Bu layihə “bp” ilə “yaşıl enerji” və neft-qaz sənayesinin dekarbonizasiyası sahəsində əməkdaşlığımızın qabaqcıl nümunəsidir. Azad ərazilərdə - Cəbrayılda icra olunan “Şəfəq” GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.

5 milyard funt-sterlinq həcmində kredit zəmanəti

Tərəflər iqtisadiyyatın modernləşdirilməsi və diversifikasiyası üzrə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirilərək mümkün istiqamətlər müəyyənləşdirilib. İnfrastrukturun inkişafı istiqamətində Orta Dəhlizdən istifadə, qarşılıqlı iqtisadi investisiya, tekstil sənayesi üçün ikitərəfli Ticarət və İnvestisiya Platformasının yaradılması imkanlarının müəyyənləşdirilməsi, su təsərrüfatı və tullantıların idarə edilməsi, nəqliyyat, aviasiya, rəqəmsal tikinti və mina təmizləmə sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Birgə Hökumətlərarası Komissiyanın həmsədri Qaret Tomas bildirib ki, qeyri-neft sektorunda müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsinə hazırıq. Enerji keçidi, nəqliyyat və infrastruktur sahələrində prioritet layihələr üçün Birləşmiş Krallığın İxrac Kredit Agentliyi (UKEF) tərəfindən nəzərdə tutulan 5 milyard funt sterlinq həcmində kredit zəmanəti isə ikitərəfli iqtisadi tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə mühüm töhfə verə bilər.

Beləliklə, iki ölkə arasında əldə olunan razılaşmalar iş münasibətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək. İqtisadi artımı sürətləndirməyə yönəlmiş planlar bu sənədlərin əsasını təşkil etməklə energetika, infrastruktur və təhsil sahələrində ixracın və göstərilən xidmətlərin genişlənməsinə təkan verəcək. Yeni razılaşmalar növbəti illərdə mövcud əməkdaşlığı daha da möhkəmləndirəcək.

E.CƏFƏRLİ

Seçilən
0
yeniazerbaycan.com

1Mənbələr