ABŞ prezidenti Donald Tramp Kiyevə kömək etməli və Polşanın etdiyi kimi etməlidir - Ukrayna və Rusiya sərhədində divar tikməlidir...
Poliqon xəbər verir ki, bu fikri ABŞ-nin keçmiş prezidenti Corc Buşun spikeri, “The Washington Post” qəzetinin köşə yazarı Mark Tissen deyib.
Tissen vurğulayıb ki, Polşa hazırda Rusiya və Belarusla bütün sərhədi boyunca divar tikir.
“Niyə bunu Ukraynaya da uzatmayaq? Əgər Polşa Rusiya ordusunu dayandırmaq üçün nəzərdə tutulmuş kompleks maneə yarada bilərsə, o zaman biz Ukraynaya silahsızlaşdırılmış zonaya çevriləcək oxşar sistem qurmağa şübhəsiz kömək edə bilərik”, deyə Tissen yazıb.
Köşə yazarı iddia edir ki, Ukrayna üçün divar tikmək Amerika vergi ödəyiciləri üçün pulsuz ola bilər. Məsələn, Tramp bu divarı ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə proqramından istifadə edərək inşa edə bilər. Onun çərçivəsində vəsaitlər faizlə təmin edilir və sonradan Amerika hökumətinə qaytarılacaq. Kiyev G7-nin verdiyi 50 milyard dollarlıq kreditin bir hissəsindən də divarın inşasında istifadə edə bilər.
“Ukrayna üçün divarın dəyəri kiçik olacaq və bunun ödənilməsi üçün çoxlu mexanizmlər var. Lazım olan tək şey sülh sazişi və divar tikmək istəyidir. Tramp bu divarı tikməlidir. Çünki o, haqlıdır: divarlar işləyir”, deyə Tissen fikrini tamamlayıb.
Poliqon.info