Kataloniya nəhəngi “Barselona”nın 26 yaşlı fransalı sağ cinah müdafiəçisi Jül Kunde zədələnərək, üç həftəlik müddətə sıradan çıxıb.
Arena.az bu barədə “Barselona”nın rəsmi saytına istinadən məlumat verir:
“Birinci komandamızın oyunçusu Jül Kundenin tibbi müayinəsi, onun sol ayağının dizaltı vətərinin distal şöbəsinin zədələndiyini aşkarlayıb. Onun qayıdışı bərpa sürətindən asılı olacaq”, – “blauqrana”nın mətbuat xidməti bildirib.
Bu arada AS dərgisinin jurnalisti Xavi Migel fransalı futbolçunun üç həftəlik müddətə sıradan çıxdığı haqda məlumatı paylaşıb.
Xatırladaq ki, Kunde Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə evdə ilk oyununda (3:3) zədələnmiş və 40-cı dəqiqədə əvəzlənmişdi.
Jül Kunde “Bordo”nun məzunudur. “Jirondistlər”in düşərgəsindən “Sevilya”ya yol tapmış Kunde, 2022-ci ilin iyul ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib.
Kataloniya klubunun fransalı futbolçu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kunde “blauqrana” üçün 53 oyuna çıxıb, 4 qol vurub, 8 məhsudlar ötürmə verib.
Kundenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 141 oyun, 7 qol, 18 məhsuldar ötürmədən ibarətdir.
Jül Kunde 2021-ci ilin iyununda debüt etdiyi Fransa yığmasının heyətində məhsuldar fəaliyyəti ilə fərqlənmədiyi 42 oyun keçirib.
Kundenin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı Avropa Liqası (2019/2020), “Barselona” ilə qazandığı İspaniya La Liqası çempionluğu (2022/2023), İspaniya Kuboku (2024/2025) və Super Kuboku (2022/2023, 2024/2025) var. Həmçinin Kunde Fransa yığması ilə UEFA Millətlər Liqasının (2021) qalibi və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.