Tarixən insanlar buğda və digər dənli bitkiləri dağ üzərində əzib, sonralar isə taxta alətlər vasitəsi ilə ding kəşf olunub. Onda üyüdülən buğda və düyünün dadı kimi keyfiyyəti də bir başqa olur.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dingdən indi geniş istifadə olunmasa da, hələ də bu ata-baba alətini qoruyub saxlayan insanlar var. Çoxları bəlkə də dingin nə olduğunu bilmir.
Ancaq Zaqatalanın Yengiyan kəndində bu qədim təsərrüfat aləti bir zamanlar məşhur idi. Hər bir ailənin özünün dingi olub və düyü, buğda, arpa və qarğıdalı kimi dənli bitkiləri həmin alət vasitəsilə döyərək əzirdilər. Əzilən məhsuldan daha sonra isə süfrələri bəzəyən yeməklər bişirilib.
Hazırda isə kənddə ding tapmaq çətin məsələyə çevrilib. Kənd sakini Şaiq Əlixanov babasından qalan bu aləti bərpa edərək ikinci nəfəs verib. Onun sözlərinə görə, bu alətdə əzilərək üyüdülən taxıldan hazırlanan hansısa bir məmulat insan səhhəti üçün çox xeyrilidir.
Yeri gəlmişkən bir məqama da diqqət yetirək. Belə ki, dingdən istifadə o qədər asan deyil. Burada ayaqların fiziki hazırlığı yüksək olmalıdır ki, dəni üyüdərkən dingin çarxını hərəkətə gətirib tökülən məhsulu yaxşıca əzə biləsən:
“Bu ding bizə babalarımızdan miras qalıb. Təxminən bu gün bizim kəndimizdə bir-neçə ailədə saxlanılır, bu da mənim öz Tələt babamdan yadigar qalıb bizə”, - deyən Şaiq Əlixanov onu da əlavə edir ki, alətin bəzi yerlərini təmir edib.
“Mən özüm həm tarixi çox sevirəm, həm mədəniyyət işçisiyəm. Çalışıram ki, böyüməkdə olan nəslimiz, analarımız-balalarımız bu adəti qorusunlar. Bu gün dingdə müasir zamanda nə edə bilirik? Yenə dənli bitkiləri döyə bilirik. Biz bilirik ki, aldığımız bir çox qidaların tərkibində qatqılar var. Amma buradan əmələ gələn un həm sağlamdır, öz keyfiyyətini itirmir, bişirilən çörəyin ətri itmir. Məsələn, arpa buğdasından hazırlanan çörəyin qiyməti yoxdur. Bir çox xəstəliklərə dərmandır”.
Qeyd edək ki, ding əsasən tut, ərik və palıd ağacından hazırlanır. Çünki, bu ağaclardan hazırlanan dinglərdə çürümə və qoxu olmur.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu