AZ

Azərbaycanın dövlət büdcəsi niyə hər il kəsirlə tərtib olunur? - Peşəkarların təhlili...


Fikrət Yusifov: "Hər bir ölkədə büdcə kəsrinin həcmi həm də həmin ölkənin iqtisadiyyatının mövcud səviyyəsinin indikatoru rolunu oynayır"

Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir.

Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərclərinin balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır. Dövlət büdcəsinin geniş məzmunu onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Onlara aşağıdakılar daxildir:

- Ümumi milli məhsulun və milli gəlirin yenidən bölgüsünü həyata keçirir;

- Ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin ən zəruri ehtiyaclarını ödəmək üçün istifadə olunur;

- İqtisadiyyatın dövlət tənzimlənməsinə və stimullaşdırılmasına xidmət edir;

- Sosial siyasətli maliyyə təminatını yerinə yetirir;

- İnvestisiya qoyuluşları üçün vəsait mənbəyi rolunu oynayır;

- Mərkəzləşdirilmiş pul vəsaitləri fondunun yaranmasını təmin edir və istifadəsinə nəzarət edir.

Dövlət büdcələri adətən defisitli (kəsirli) və ya profisitli (artıqlı) olur.

Azərbaycanda dövlət büdcəsi onilliklərdir ki, kəsirlə tərtib edilir. Bu il dövlət büdcəsi haqqında qanunun 14-cü maddəsində yazılır: "Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 051 600,0 min manat müəyyən edilsin. Onun maliyyələşdirilməsi, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2025-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının əldə edilməsi qalığı, ayrıca məqsədli büdcə fondlarının vəsaitlərinin qalığı həmin fondların kəsirinin bağlanması) hesabına həyata keçirilir".

Yəni ənənəyə uyğun olaraq bu ilku dövlət büdcəsi də kəsirlə tərtib edilib.

Dövlət büdcəsində kəsri necə və nədən yaranır?

Məsələyə münasibət bildirən keçmiş maliyyə naziri Fikrət Yusifov baki-xeber.com-a açıqlamasında deyib ki, hər dəfə növbəti il üçün büdcənin tərtibi prossesində ortaya bir sual çıxır – necə etmək olar ki, növbəti ildə büdcənin gəlirləri onun xərclərini tam örtsün? Əgər büdcənin xərcləri onun gəlirlərindən artıq olursa, bu halda büdcə kəsri əmələ gəlir.

İlk baxışda belə görünür ki, dövlət istəsə bu kəsri aradan qaldıra bilər və növbəti il üçün gəlir və xərcləri tam balanslaşdırılmış və hətta, gəlirləri xərclərindən artıq olan bir büdcə - yəni profisiti olan bir büdcə qəbul edə bilər. Əslində bunu etmək mümkündür. Azərbaycanın maliyyə imkanları böyükdür və bunu etmək heç də çətin deyil.

Büdcə pılanlaşdırılması zamanı əsas məsələ gəlir və xərclərin real həcmlərini müəyyən etməkdir. Unutmaq olmaz ki, hər bir ölkədə büdcə kəsrinin həcmi həm də həmin ölkənin iqtisadiyyatının mövcud səviyyəsinin indikatoru rolunu oynayır. Yəni büdcənin gəlir və xərclər balansı ölkə iqtisadiyyatının mövcud durumunu dəyərləndirməyə imkan verir. Bir sözlə, gəlir və xərclərin real həcmlərini müəyyən etməklə, həm də iqtisadiyyatın mövcud durumu dəyərləndirilir. Yəni mövcud iqtisadiyyatla dövlətin maliyyə öhdəliklərinin tam örtülməsinin mümkün olub olmaması müəyyən edilir. Büdcə kəsrini zəruri edən səbəblərdən biri də budur.

Büdcədə kəsir digər tərəfdən xərclərin qənaətlə maliyyələşdirilməsinə bir çağrış rolunu da oynayır və maliyyələşməni aparan tərəflərin məsuliyyətini artırır".

Ekspertin də vurğuladığı kimi, büdcə kəsiri ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən bilavasitə asılıdır və ölkənin hər il planlaşdırdığı maliyyə xərclərinin yerinə yetirilməsinə mənfi təsir göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, büdcə kəsiri ölkənin ümumi milli məhsulunun 3-4 faizindən çox olduqda iqtisadiyyata daha güclü mənfi təsir göstərir.

Büdcə kəsirini necə aradan qaldırmaq olar?

Büdcə kəsirinin aradan qaldırılması tədbirlərinə əsasən aşağıdakılar daxildir:

- Daha yüksək gəlirlərin əldə olunması məqsədilə büdcə vəsaitlərinin daha səmərəli sahələrə yönəldilməsi;

- Maliyyə güzəştləri və sanksiyalardan daha çevik istifadə etməklə ictimai istehsalın stimullaşdırılması;

- Dövlət büdcəsi hesabına maliyyələşdirilən sahələrin nisbətən ixtisar edilməsi;
Hərbi xərclərin azaldılması;

- Daha vacib sosial proqramların maliyyələşdirilməsi;

- Dövlət idarəetmə xərclərinin azaldılması;

- Dövlət kreditlərindən və xarici sərmayələrdən səmərəli istifadə olunması, banklardan alınan kredit faiz dərəcələrinin artırılması;

- Dövlət uduşlu istiqrazların və digər qiymətli kağızların buraxılmasına üstünlük verilməsi və s.

Akif NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr