AZ

Hindistan Pakistanın parlament qərarına da baxmadı - İslamabad zorla müharibəyə təhrik edilir...


Pakistan Kəşmirdə ölümcül hücumdan sonra nüvə silahına malik qonşular arasında gərginliyin artmasından bir həftə sonra Hindistanın ona qarşı qaçılmaz hərbi əməliyyatlar planlaşdırdığına dair etibarlı kəşfiyyat məlumatlarına malik olduğunu bildirib.

Pakistanın informasiya naziri Attaullah Tarar, məlumatın Hindistanın yaxın 24-36 saat ərzində hücum edə biləcəyini göstərdiyini bildirib. Bu, o deməkdir ki, Hindistan məsələnin sülh yolu ilə həllinə qarşı çıxır, obyektiv araşdırmadan qaçır.

Attaullah Tarar bildirib ki, Hindistanın hər hansı hərbi avantürizminə əminliklə və qətiyyətlə cavab veriləcək. Xatırladaq ki, aprelin 22-də Cəmmu və Kəşmir bölgəsinin Hindistan işğalındakı hissəsindəki Pahalqam şəhərində turistlərin sıx toplaşdığı yerdə terror aktı baş verib. Son məlumatlara görə, 26 nəfər ölüb. Hindistan hadisəyə görə məsuliyyəti dərhal, araşdırmasız Pakistanın üzərinə qoyub. Pakistan Senatı İslamabadın hücumda hər hansı rolunu inkar edən qətnaməni yekdilliklə qəbul edib. Terror aktından sonra Hindistan və Pakistan bir-birinə qarşı bir sıra tədbirlər görüb, xüsusilə hava məkanı bağlanıb və vizalar ləğv edilib ki, bu da iki ölkə arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Qonşular arasında gərginlik Hindistanın idarə etdiyi Kəşmirdə qiyamçıların hücumundan sonra Hindistanın Pakistana hərbi zərbələr endirdiyi 2019-cu ildən bəri ən yüksək həddə çatıb. BMT-nin baş katibi Antonio Quterreş həm Hindistan, həm də Pakistanla ayrı-ayrılıqda çağırış edərək onları faciəli nəticələrlə nəticələnə biləcək qarşıdurmadan çəkinməyə çağırıb. Amma Hindistan daha çox savaşa meyllənir. İslamabadda mətbuat konfransında çıxış edən Pakistanın xarici işlər naziri İshaq Dar ölkə silahlı qüvvələrinin Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən hücumdan sonra baş verən hadisələrlə bağlı ayıq-sayıqolduğunu bildirib: “Dünya liderləri son günlər təmkinli olmağı tələb edirlər. Mən hökumət və millət adından Pakistanın hər hansı bir gərginliyi artıran addıma ilk əl atmayacağını açıq şəkildə bildirdim. Bununla belə, Hindistan tərəfinin hər hansı bir gərginliyi artıracağı təqdirdə, biz çox sərt cavab verəcəyik”. Yeni Dehli tərəfindən imzalanan Hind Suları Müqaviləsinin birtərəfli dayandırılmasını pisləyən Dar, Pakistanın su payını dayandırmaq və ya yönləndirmək üçün hər hansı bir hərəkətə "müharibə aktı" kimi baxılacağına dair İslamabadın xəbərdarlığını təkrarlayıb. O, Yeni Dehlini Cammu və Kəşmirdə qanuni azadlıq mübarizəsini yatırtmaq üçün son hücumu bəhanə kimi istifadə etməkdə və Kəşmirlilərə qarşı açıq-aşkar islamofobik hisslər yaymaqda ittiham edib. Xatırladaq ki, Dünya Bankının vasitəçiliyi ilə Hind Suları Müqaviləsi Hind çayının və onun qollarının sularının iki ölkə arasında bölüşdürülməsini tənzimləyir. Müqaviləyə əsasən, Hindistan üç şərq çayının (Ravi, Sutlej, Beas) sularına və Pakistan üç qərb çayının (Hind, Jelum, Çenab) sularına nəzarət etmək hüququ əldə etdi. İki ölkə arasında çoxsaylı münaqişələrə və böhranlara baxmayaraq, müqavilə transsərhəd su mübahisələrinin sülh yolu ilə həllinin bir neçə uğurlu nümunəsindən biri hesab edilən altı onillikdən çox müddət ərzində qüvvədə qaldı. Bununla belə, bu illər ərzində əsasən Hindistanın qərb çaylarında hidroelektrik layihələri tikməsi ilə bağlı fikir ayrılıqları olmuşdu ki, Pakistan da kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən su axınının azalmasından ehtiyat edərək, aşağı axın ölkəsi kimi bundan narahatlığını bildirir. Belə bir vaxtda Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlayıb. Qərar aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq.

Bundan öncə Delhidəki Pakistan nümayəndəliyində hərbi məsləhətçilər “persona non qrata” elan edilib. Onlar bir həftə ərzində Hindistanı tərk etməlidirlər. İslamabaddakı Hindistan missiyasında oxşar vəzifələr ləğv edilib, uyğun əməkdaşlar geri çağırılır. Həmçinin hər iki komissiyanın beş köməkçi işçisi işdən azad edilib. Bundan başqa Hindistan iki ölkə sərhədində yerləşən Attari keçid məntəqəsini bağlayıb. Belə vəziyyətdə Delhinin müsəlmanlara qarşı yürütdüyü siyasət daha da kəskinləşir. Ötən il Cammu və Kəşmirin statusunun ləğv edilməsi də bunu təsdiqləyir. Ölkənin Ali Məhkəməsi bu qanunun dəstəkləməklə baş nazir Narendra Modinin müsəlmanlara qarşı diskriminasiyasına daha bir hüquqi don geyindirib. Konstitusiyada ştatın xarici işlər, müdafiə və kommunikasiyalar istisna olmaqla, bütün başqa məsələlərdə öz qanunlarını tətbiq etməyə imkan verən maddələr var idi. Modi partiyasındakı və ətrafındakı milliyyətçi, antiislam qüvvələrin maraqlarını təmin etmək üçün konstitusiyadakı bu azadlığa son qoymaqla vədinə əməl edib. Bunlar fonunda indi baş verənlər kontekstində Pakistan və Hindistan arasında münasibətlərdəki gərginliyin daha yüksək və fərqli fazaya keçmə ehtimalı böyükdür. Əgər olk növbədə Hindistan münasibətlərin gərginləşməsi istiqamətində addımlar atmaqdan çəkinməsə, müharibə labud olacaq. Bu isə dərhal regional və beynəlxalq təhlükəsizlik problemlərinin kəskinləşməsinə, o cümlədən qlobal güclərin müharibəyə cəlb edilməsinə səbəb ola bilər. Proses ölkəmizə də təsir edəcək. Azərbaycan və Pakistan arasında münasibətlər strateji əməkdaşlıq müstəvisindədir.Turkiyə ilə yanaşı bu ölkə bizə qardaş dövlərlərdən hesab edilir.Hindistanla müqayisədə Pakistan bir qayda olaraq Qarabağ probleminin Azərbaycanın ərazi butövlüyü çərçivəsində həllini müdafiə edib. Demək olar ki, bütün mötəbər,beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyib. İndilikdə son hadisələr Hindistan və Pakistan arasında illərdir davam edən tarixi münaqişənin yeni, təhlükəli mərhələyə qədəm qoyduğunu göstərir. Buna səbəb də Hindistanın militarist siyasətidir.

Samirə SƏFƏROVA

Seçilən
0
5
baki-xeber.com

9Mənbələr