2025-ci ilin ilk rübündə dünya üzrə ümumilikdə 296,9 milyon ədəd ağıllı telefon bazara çıxarılıb.
Valyuta.az xəbər verir ki, "Samsung" və "Apple" bazarın ən böyük iki oyunçusu olaraq öndə qərarlaşıblar.
Bu ilin ilk üç ayında qlobal ağıllı telefon bazarında ciddi dəyişiklik müşahidə olunmayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə oxşar mənzərə yaranıb. Bununla belə, "Samsung" və "Apple" arasında rəqabət yenə də güclü şəkildə davam edib.
"Samsung" siyahının başında qərarlaşıb
2025-ci ilin bazar payı göstəricilərinə görə "Samsung" ümumi satışların 20 faizini təşkil edərək ilk pillədə yer alıb. "Apple" isə 19 faizlə ikinci sıraya düşüb. Üçüncü pillədə 14 faizlə "Xiaomi" qərarlaşıb. "Vivo" və "OPPO" isə hər biri 8 faiz payla növbəti yerləri tutublar. Digər istehsalçıların ümumi satış sayı isə 94 milyon ədəd olub.
Regionlara görə maraqlı meyillər formalaşıb
Regional meyillərə nəzər saldıqda, Çin və ABŞ-da ağıllı telefonlara olan tələbatın artdığı müşahidə edilib. Hindistan, Avropa və Yaxın Şərqdə isə alıcıların daha ehtiyatlı davrandıqları bildirilib. Afrikada isə pərakəndə satış fəaliyyətləri və markaların bazarda möhkəmlənmək cəhdləri ön plana çıxıb. Digər tərəfdən, "Vivo" satışlarını artıraraq diqqət çəkib, "OPPO"da isə azalma qeydə alınıb.
Bu göstəricilər 2025-ci ilin ilk rübündə bazarın ümumilikdə sabit qaldığını nümayiş etdirir. İstehsalçılar isə diqqətlərini ilin ikinci rübünə yönəldiblər. Yeni modellərin təqdimatı və azalan stoklarla birlikdə bazarda bir qədər canlanma gözlənilir.
Sərvanə Rəmixanova