Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Avropanın 5 ölkəsi elektrik enerjisiz qaldı. Müasir dövr üçün böyük bir “biabırçılıq” hesab olunan bu hadisə, yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. İşıqsız qalan İspaniya, Portqaliya, Andorra, Belçika və Fransanın bir hissəsində insanlar problem ilə bağlı açıqlama verilmədiyindən təşvişə düşüblər.
Elektrik kəsintisinin bpyük bir arealı əhatə etməsi kiberhücum ehtimalını istisna etmir. Nəzərə alsaq ki, 3 gün keçməsinə baxmayaraq, səbəb hələ də açıqlanmayıb, problemin təxribat nəticəsində yaranması hələ də aktualdır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Referans”-a açıqlamasında kiberhücum ehtimalından danışıb.
“Qeyd etmək lazımdır ki, genişmiqyaslı elektrik kəsintiləri istər-istəməz ilk olaraq kritik infrastrukturun kiberhücumlara məruz qalması ehtimalını gündəmə gətirir. Müasir enerji şəbəkələri – xüsusilə Avropa kimi yüksək texnoloji inkişaf etmiş bölgələrdə – SCADA və digər avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə çalışır. Əgər bu sistemlər düzgün qorunmayıbsa və ya vaxtında yenilənməyibsə, hackerlər tərəfindən ələ keçirilərək enerji paylayıcılarının fəaliyyətinə müdaxilə edilə bilər. Bu cür hallar daha əvvəl Ukraynada və ABŞ-da qeydə alınıb”.
Ekspert bildirib ki, digər mümkün səbəblər arasında texniki nasazlıqlar, təbii fəlakətlər və ya insan səhvləri də yer ala bilər.
“Bir neçə ölkədə eyni anda və eyni tipli nasazlıqların baş verməsi, məsələnin təsadüfi olmadığını düşündürür. Xüsusilə də, geosiyasi gərginlik fonunda belə halların yaşanması kiberhibrid müharibə taktikalarının tətbiq oluna biləcəyinə işarə edir. Bu baxımdan, enerji sistemlərinin fiziki yox, məhz virtual hücuma məruz qaldığı versiyası ciddi şəkildə araşdırılmalıdır”.
Fidan Vəlisoy