AZ

Azərbaycanda qidaların keyfiyyətini yoxlamaq üçün neçə laboratoriya VAR? – RƏSMİ AÇIQLAMA

 “Ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış 17 laboratoriya fəaliyyət göstərir”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, sözügedən laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
 

“Milli Referens Laboratoriyası: Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini üzrə müayinələri həyata keçirilir. Laboratoriyanın nəzdində həmçinin səyyar tipli qida laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya xüsusi dövlət tədbirləri və kütləvi zəhərlənmə hallarında dərhal müayinənin aparılması üçün hazırlanıb.


Mərkəzi Baytarlıq Laboratoriyası: Biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.

Mərkəzi Fitosanitar Laboratoriya: Laboratoriyada idxal, ixrac, daxili daşınma və monitorinq təyinatlı bitki və bitkiçilik məhsullarında fitosanitar müayinələr və digər analizlər həyata keçirilir.
 

Kompleks Tədqiqatlar Laboratoriyası: Baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr), eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsulları, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Bu da tarladan süfrəyədək təhlükəsiz qidanın təmin olunmasında mühüm rol oynayır”.


Bundan əlavə, İnstitutun nəzdində Bakı, Abşeron, Gəncə, Şamaxı, Tovuz, Xaçmaz, Lənkəran, Göygöl Regional sınaq laboratoriyaları, həmçinin Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə, Qax, Sabirabad, Quba Regional bölməsi fəaliyyət göstərir.

AQTA-nin nəzdində mobil tipli 3 laboratoriya da mövcuddur:

“Səyyar Fitosanitar Laboratoriya, 2+ səviyyəli biotəhlükəsizlik laboratoriyaları, Maşın tipli laboratoriyalar. AQTİ-nin səyyar laboratoriyaları qida təhlükəsizliyi sahəsində yerində operativ və dəqiq analizlərin aparılmasını təmin edir”.

Ayşən Rəhim, Bizim.Media

 

Seçilən
0
bizim.media

1Mənbələr