Əli Əliyevin rəhbərlik etdiyi və 2023-cü ilin iyun ayında fəaliyyətini dayandıran Vətəndaş və İnkişaf Partiyası (VİP) məhkəmə qərarı ilə cəzalandırılıb.
Partiyanın üzərinə mobil rabitə xidmətlərinə görə yaranmış 1398 manatlıq borcun ödənilməsi ilə bağlı məhkəmə qərarı çıxarılıb.
Qeyd olunur ki, rabitə operatoru borcun ödənilməsi üçün əvvəlcə rəsmi xəbərdarlıq edib, lakin ödəniş həyata keçirilmədiyindən məsələ məhkəməyə daşınıb.
Məhkəmə iclasına nə partiyanın sədri Əli Əliyev, nə də digər nümayəndələr qatılıb. Bununla belə, proses keçirilib və tələb olunan 1398 manatın tam şəkildə ödənilməsi barədə qərar verilib.
Xatırladaq ki, VİP 2006-cı il mayın 28-də təsis edilib. Partiya sədri Əli Əliyev 2022-ci ilin yanvarında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ümumilikdə 1 il azadlıqdan məhrum edilib. Daha sonra Bakı İstintaq Təcridxanasında kamera yoldaşı ilə insident səbəbindən barəsində yeni cinayət işi açılıb və cəzası 3 il 6 ayadək artırılıb.
Əli Əliyev 2023-cü il mayın 8-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. İyunun 25-də isə partiya fəaliyyətini dayandırdığını elan edib./ Gununsesi.info