AZ

Beynəlxalq ekspert Azərbaycanda ingilis dili metodikasına irad bildirdi...


Kamran Əsədov: “Hazırda keçirilən sertifikatlaşdırma əsasən qrammatik və nəzəri biliyə əsaslanır, halbuki…”

“Xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarı kifayət qədər nəzərə alınmır”. Bu fikirləri Elm və Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planıı çərçivəsində Təhsil İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “ELSA Roadmap” sənədinin təqdimat mərasimində sənədin hazırlanmasında iştirak etmiş beynəlxalq ekspert Simon Borg səsləndirib.

O bildirib ki, ingilis dili ilə bağlı yol xəritəsinin uğurlu tətbiqi üçün bəzi amillər olduqca vacibdir. Onun dediyinə görə, xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarının kifayət qədər nəzərə alınmamasıdır ki, bu da dil tədrisinə mənfi təsir göstərir. Azərbaycanda ingilis dili tədrisindəki əsas problemlərdən biri də müəllimlərin məhdud kompetensiyaları və dörd bacarığa əsaslanan qiymətəndirmələrin olmamasıdır”.

“Xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarının kifayət qədər nəzərə alınmaması ciddi elmi-pedaqoji və strateji bir nöqsandır”

Xarici ekspertin səsləndirdiyi iradlarla bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarının kifayət qədər nəzərə alınmaması ciddi elmi-pedaqoji və strateji bir nöqsandır. Sertifikatlaşdırma imtahanlarının əsas məqsədi müəllimin fənni biliklərini və bu bilikləri effektiv tədris etmək bacarığını qiymətləndirməkdirsə, xüsusilə xarici dillərdə - burada danışıq bacarığı olmadan tədrisin effektivliyindən danışmaq mümkünsüzdür: “Əgər bir dil müəllimi elementar ünsiyyət qurmaqda çətinlik çəkirsə və bu, imtahanda qiymətləndirilmir, o zaman hansı meyarla bu şəxsin keyfiyyətli tədrisə hazır olduğu iddia oluna bilər? Hazırda keçirilən sertifikatlaşdırma əsasən qrammatik və nəzəri biliyə əsaslanır, halbuki beynəlxalq praktikada - məsələn, CEFR (Common European Framework of Reference for Languages) modelində - dil bilikləri dörd əsas bacarıq üzrə ölçülür: dinləmə, oxuma, yazma və danışma. Bu dörd bacarıqdan biri olan danışıq imtahandan çıxarılarsa və ya formal şəkildə nəzərə alınarsa, nəticədə süni şəkildə yüksək bal toplayan, amma dərsdə şagird qarşısında ləng, çarəsiz qalan “kağız üzərində yaxşı” müəllimlər meydana çıxır.

Sertifikatlaşdırmanın kağız üzərində aparılması dilin canlı tədrisini nəzərə almır. Xarici dil elə bir sahədir ki, onu bilmək deyil, onu istifadə edə bilmək əsasdır. Əgər danışıq və dinləmə komponentləri yoxdur və ya cəmi 5-10% çəki ilə simvolik olaraq verilibsə, bu, yalnız formal mexanizm yaradıb, mahiyyəti boşa çıxarmaq deməkdir.

Böyük Britaniyada, Almaniyada, hətta Gürcüstan və Qazaxıstan kimi ölkələrdə belə dil müəllimi olmaq istəyən şəxslər Speaking testindən ayrıca keçirlər. Onların aksenti, tələffüzü, intonasiyası, ünsiyyət bacarığı və spontan cavabvermə sürəti yoxlanılır. Bizdə isə illərlə tədris aparan bəzi ingilis dili müəllimləri elementar “How are you?” sualına cavab verməkdə aciz qalır. Niyə? Çünki danışıq onların nə universitetdə, nə də işə qəbul prosesində əsas meyar olmayıb.

Bu yanaşmanın zərəri təkcə müəllim hazırlığına deyil, bütövlükdə ümumtəhsil sisteminə, nəticə olaraq şagirdlərin dil biliklərinə təsir edir. Ölkə PISA, PIRLS, TOEFL, IELTS nəticələrində geri qalırsa, səbəblərdən biri də budur: dil öyrənmək deyil, dil haqqında məlumat öyrənmək tədris olunur. Bu da sırf yanlış sertifikatlaşdırma metodikasının məhsuludur”.

Ekspert hesab edir ki, bu problemi həll etmək üçün danışıq bacarığı ayrıca mərhələ kimi sertifikasiya prosesinə daxil edilməlidir. Bu mərhələ ya fərdi müsahibə, ya da texnoloji vasitələrlə (məsələn, AI vasitəsilə qeydə alınmış danışıq cavabları ilə) qiymətləndirilməlidir. Bunun üçün infrastruktur var - əgər ali məktəblərimizdə və Təhsil Nazirliyində pilot layihə səviyyəsində də olsa, bu model qurulmasa, biz yenə də “kağızda biliyi olan, sinifdə səssiz qalan müəllimlər” yetişdirəcəyik: “Elm və Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında imzalanan əməkdaşlıq sazişində əgər bu məsələ sadəcə “niyyət” kimi qalacaqsa, praktikaya keçməyəcəksə, bu da sadəcə gözə kül üfürmək olacaq. Əgər vəsaitlər ayrılırsa, beynəlxalq əməkdaşlıq bəyan edilirsə, nəticələr də ona uyğun olmalıdır. Danışıq bacarığı qiymətləndirilməyən xarici dil imtahanı, tibb imtahanında həkimdən “yazı ilə nəbz ölçməyi” istəmək kimidir - tamamilə absurddur. Bu məsələ ya təcili şəkildə həll ediləcək, ya da nəticə etibarilə dil tədrisi formal, effektsiz və uşaqlar üçün mənasız qalacaq. Və biz hələ uzun müddət “müəllimimiz ingiliscə danışa bilmir” şikayətlərini dinləməyə davam edəcəyik”.

Günel CƏLİLOVA

Seçilən
0
baki-xeber.com

1Mənbələr