Bakı sakini Bilal Hacıyev ona qarşı dələduzluq edən iki qardaş Zaur Kərimov və Samid Kərimovun həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq hələ də azadlıqda olamasından şikayətçidir. Bu barədə o özü anews.az-a bildirib.
Onun sözlərinə görə, Bakı şəhər Yasamal rayon məhkəməsi Bilal Hacıyevin şikayətinə baxıb.
"Məhkəmə vaxtı Zaur Kərimov mənə olan borcunu təsdiqləyib və qaytaracağına söz verib. Məhkəmə borcun qaytarılması barədə qərar çıxarıb. Amma üstündən uzun müddət keçsə də Zaur Kərimov məhkəmə qərarını icra etməyib və bu səbəbdən axtarışa verilib", - Hacıyev bildirib.
O, həmçinin borcun armatir zavoduna şərik olmaq istəməsi ilə bağlı yarandığını söyləyib.
"Bizim həmin şəxslə müxtəlif vaxtlarda ticarət əlaqələrimiz olub. Sonuncu dəfə 2016-cı ildə ona Suraxanı armatur zavoduna şərik olmaqla bağlı 27300 dollar məbləğində pul vermişəm. Ancaq zavoddan heç bir gəlir almamışam. Verdiyim pulu da qaytarmırlar.", - şikayətçi bildirib.
Bilal Hacıyev əlavə edib ki, Zaur Kərimovun kürəkəni Dövlət Təhlükəsizlik Xidmətində çalışır və qaynatasının axtarışda olduğunu bilə-bilə bu barədə hüquq mühafizə orqanlarına məlumat vermir.
"Həmin şəxsin mənə pul borcu var. Bu şəxs mülki axtarışda olsa da, kürəkəninin evinə gəlib gedirdi. Əməkdaş bunu bilsə də, polisə məlumat verməyib. Bununla bağlı DTX-ya müraciət etmişəm. Şəxsin cəzalandırılmasını tələb etmişəm",- şikayətçi əlavə edib.
Onun tərəfindən təqdim olunan Bakı Apellyasiya Məhkəməsinin qərarına görə, daha Zaur və Samid Kərimovlar Yasamal rayon məhkəməsinin qərarından Bakı Appelyasiya məhkəməsinə şikayət edib. Məhkəmə Samid Kərimovun şikayətini təmin etsə də Zaur Kərimovun borcu bağlaması barədə qərar verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, bu qərarla bağlı mülki öhdəliyin yerinə yetirilməsindən yayındığı üçün Zaur Kərimov saxlanılıb və barəsində 20 günlük inzibati həbs tədbiri görülüb.
Zaur Kərimov borcu qaytaracağına söz verdiyi üçün polis tərəfindən azadlığa buraxılıb. Lakin Hacıyev bildirir ki, Kərimov onun bprcunu ödəməyib.
"Zaur Kərimov mənə bir qəpik də olsun pul qaytarmayıb. Azadlıqda gəzir və polis orqanları bunu biləbilə onu həbs etmir", - Hacıyev deyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan isə bildiriblər ki, vətəndaş tapıldığı üçün onun axtarışına 2021-ci ildə xitam verilib.
"Əgər vətəndaş yenə şikayətçidirsə, bizim ünvana şikayət yazsın tədbir görək", - Lənkəran regional qrupundan əlavə ediblər.
N.Təbrizli
Aytac Zeynalova