Hindistan 2027-ci ildə keçiriləcək seçkilər öncəsi Pakistanda düşmən obrazını daha da radikallaşdıraraq müharibə yaratmağa çalışır
Hindistan uzun müddətdir ki, daxili siyasi və təhlükəsizlik sahəsindəki uğursuzluqları pərdələmək məqsədilə Cammu və Kəşmirin işğal olunmuş ərazilərində zorakılıq və terror vasitələrindən istifadə edir. Bu siyasət təkcə regiondakı gərginliyi dərinləşdirmir, eyni zamanda islamofobiyanın sistemli şəkildə təbliğinə xidmət edir. Unutmaq olmaz ki, Hindistanın işğal etdiyi Cammu və Kəşmir ərazisində 700 mindən artıq hərbi qüvvə yerləşdirilib. Bu qüvvələr bölgə əhalisinin – xüsusilə qadın və uşaqların – yaşamaq, təhlükəsiz həyat sürmək, şərəf və ləyaqət kimi fundamental hüquqlarını ciddi şəkildə pozur. Hindistanın bölgədəki uğursuzluqlarına görə Pakistanı günahlandırması isə yeni hadisə deyil. Lakin son dövrlərdə bu ittihamların daha da aqressivləşməsi və artması beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Əsas məsələ ondan ibarətdir ki, Hindistan hökuməti Kəşmirlilərin azadlıq mübarizəsini boğmaq cəhdlərində davamlı uğursuzluqlarla üzləşsə də, məsuliyyəti üzərindən ataraq regional sabitliyi təhlükəyə atır.
Politoloq Tural İsmayılov İsmayılov Sherg.az-a söyləyib ki, Hindistan-Pakistan gərginliyi bütün dünya üçün çox ciddi risklər və təhlükələr ehtiva edir:

"Çünki nəzərə almaq lazımdır ki, hər iki ölkə dünyada əhali sayına görə geniş resursa malikdir. Həmçinin hərbi-sənaye məhsullarına görə Pakistan və Hindistanın qlobal sahədə böyük üstünlükləri var. Bütün bunlara görə iki ölkə arasında baş verə biləcək müharibə dünya üçün də narahatlıqlar yaradır. Bu gün Kəşmir məsələsi ətrafındakı problem beynəlxalq hüquq baxımından lazımi qaydada həll edilmir. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Kəşmirin Hindistan tərəfində Camu Kəşmir adlanan bölgəsi mövcuddur. Eyni zamanda Pakistan da Azad Kəşmir adlandırdığı hissəyə nəzarət edir. Həmçinin tez-tez Kəşmir böhranı səbəbindən iki ölkə qarşı-qarşıya gəlir. Digər tərəfdən Hindistan Pakistana qarşı ədalətsiz davranışını müxtəlif dövrlərdə olduğu kimi indi də sərgiləyir. Çünki Pakistan terrorizmdən əziyyət çəkən ölkədir. Odur ki, bu dövlət əksər hallarda beynəlxalq terrorizmə qarşı mübarizədə çağırışlar edir. Lakin dünyada Pakistana adekvat cavab verilmir. Hindistanın turistlərə qarşı terror aktını heç bir araşdırma etmədən Pakistanın üstünə yıxmağa çalışması hər kəsə məlumdur".
Analitik vurğulayıb ki, Hindistan 2027-ci ildə keçiriləcək seçkilər öncəsi Pakistanda düşmən obrazını daha da radikallaşdırmaq və müharibə yaratmağa çalışır:
"Bu baxımdan hər hansı hərbi qarşıdurmanın baş vermə ehtimalları baxımından qlobal aləm də tətikdə olmalıdır. Münaqişənin böyükçaplı münaqişəyə gətirib çıxaracağını düşünmürəm. Baxmayaraq ki, 1947-ci ildən bəri Hindistan və Pakistan arasında iri eskalasiyalar olub. Amma hər bir halda kiçik lokal toqquşmalar belə bu coğrafiyada böyük təlatümlər yaşada bilər".