AZ

Ekspert: Texniki problemlər ya prosesin ilk, ya da ki, son günlərində yaranır

Hazırda 1-ci sinfə elektron qəbul sisteminə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur. Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür.
Bu barədə APA-nın sorğusuna cavab olaraq MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək.
Hazırda mektebeqebul.edu.az portal vasitəsilə 1000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bununla yanaşı, qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.


Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Sherg.az-a bildirib ki, Elm və Təhsil Nazirliyi 10 ildən çoxdur ki, bir neçə istiqamətdə bu cür onlayn qeydiyyatlar həyata keçirir: 

“Təbii ki, zamanın diktəsi, dövrün İT texnologiya dövrü olması səbəbindən bu cür prosedurların həyata keçməsi alqışlanmalıdır. Elm və Təhsil Nazirliyi Təhsil Nazirliyi olanda ilk dəfə olaraq birinci sinifə elektron qəbul, Müəllimlərin İşə Qəbulu(MİQ) müsabiqəsində və məktəbəhazırlıq qruplarına elektron qəbul prosedurları zamanı müəyyən texniki xətalar yaranmışdı. İT mütəxəssisləri də bu istiqamətdə öz tövsiyə və iradlarını bildirmişdilər və getdikcə bu problemlər azalmağa, yaxşıya doğru dəyişməyə başladı. Təhsil Nazirliyinin, həyata keçirdiyi elektron qəbullarda texniki problemlərin çox az halda yaşandığının şahidi olurduq. Çox güclü İT infrastrukturu olan xarici dövlətlərin müəssisələrində belə ara sıra texniki problemlər yaşanır. Çünki eyni anda yüklənmə çox olur. Məsələn, Dövlət İmtahan Mərkəzinin də sistemlərində bəzən belə hallar yaşanırdı. Bizim insanlar nədənsə bu prosesə çox tələsirlər. İstəyirik ki, ya onu anında həyata keçirək, ya da ki, ən sona saxlayaq. Texniki problemlər ya prosesin ilk, ya da ki, son günlərində yaranır. Amma hər bir halda prosesi axırıncı günə saxlamaq olmaz. Məsələn, biz Dövlət İmtahan Mərkəzinin sistemlərində də görmüşük ki, abituriyentlərin elektron ərizəsi zamanı əsasən ərizələrin təsdiqi son günə qaldığı üçün az qalır ki, sistem çöksün. Amma hər bir halda böyük dövlət qurumu işini həm də bu səbəblərə görə tənzimləməlidir. Düşünməlidir ki, bu gün insanların prosesə adaptasiyasını əngəlləmək olmaz. Ona görə biz proqram təminatını buna uyğun gücləndirməliyik. İnsanlardan xahiş edə bilərəm ki, sistemə prosesin ilk günündə və sonuncu günlərində deyil, ara günlərində müraciət etsinlər”.
Seçilən
0
sherg.az

1Mənbələr