Övladlığa uşaq götürmək cəmiyyətin sosial və hüquqi strukturlarında mühüm yer tutan mövzulardan biridir. Hər il dünyada minlərlə ailə övladlığa uşaq götürərək, uşaqlara sevgi, qayğı və təhsil verir. Bu prosesin həm hüquqi, həm də emosional tərəfləri mövcuddur. Vətəndaşlar bu məsələdə böyük məsuliyyət daşıyırlar.
Vəkillər Kollegiyasının üzvü vəkil Hikmət Əliyev mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.
O, qeyd edib ki, Ailə Məcəlləsində övladlığa uşaq götürən şəxsin ən az 25 yaşı olmalıdır. Lakin nikahda olmayan şəxslər üçün bu, minimum 30 yaşdır.
“Bu proses xoşbəxtliklə yanaşı, bir sıra problemləri özündə əks etdirir. Həmçinin, övlada sahiblənmək istəyən vətəndaşlar bilməlidir ki, bu iş uzun çəkən prosesdir”.
Hikmət Əliyev vurğulayıb ki, qanunvericiliyin bu mövzu ilə bağlı sıx qaydaları var. Edilən müraciətlərdə uşaqların maraqlarının qorunması əsas şərtdir. İnsanlar özləri də ailə vəziyyətlərini, maddi gəlirlərini, sağlamlıq potensialını, hansısa cinayət əməlində adının hallanıb-hallanmadığını fakt kimi dövlətə təqdim etməlidir.
Ailə Məcəlləsinin 120-ci maddəsində uşağı övladlığa götürmək hüququ olmayan şəxslərin dairəsi dəqiq göstərilib. Keçən il 300 ailə övladlığa uşaq götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib və nəticələri uğurlu alınıb. Göstərişlərə cavab verməyən şəxslərə övlad verilməyib.
Göstərişlər sırasında məhkəmə tərəfindən fəaliyyət qabilliyəti olmayan, valideynlik hüququndan məhrum edilən vətəndaşlar nəzərdə tutulur.
Zərif Sofiyeva