AZ

İnsanları təşvişə salmayın: “Məktəblərdə təhlükəsizlik yüksək səviyyədə qorunur”

“Valideynlər arasında xüsusilə vatsap qruplarında şagirdlərin məktəblərdən qaçırılmasına dair yayılan iddiaların heç bir əsası yoxdur və bu cür dezinformasiya xarakterli, insanları çaşdıran, onlar arasında təşviş, qorxu yaradan məlumatların yayılması yolverilməzdir. Eyni zamanda, bu, həm də hüquqi məsuliyyət yaradır”.

Bu fikirləri Editor.az-a açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycanda hüquq-mühafizə orqanları çox nümunəvi fəaliyyətləri ilə fərqlənirlər:

“Ölkəmizdə insanların təhlükəsizliyi ilə bağlı narahatçılıq keçirtməklərinə ehtiyac yoxdur. Məktəblərin də təhlükəsizliyi bura aiddir. Hər bir sahədə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur. Məktəblərin mühafizəsi çox vacibdir. Ancaq bu zaman belə bir sual çıxır ortaya. Biz məktəbi kimdən və nədən qoruyuruq? Məktəb ətrafında dövlətimiz tərəfindən çoxsaylı təhlükəsizlik kameraları quraşdırılıb. Məktəblərin girişində mühafizə xidməti fəaliyyət göstərir. Hesab edirəm ki, məktəblərin ərazisində xüsusi hərbiləşdirilmiş bir mühafizə infrastrukturuna ehtiyac yoxdur. Məktəb əraziləri təhlükəsizlik şəhər kameraları ilə əhatə olunub. Hər məktəb binası özü də kameralarla təchiz olunur. Ümumilikdə bütün bunlar onu deməyə əsas verir ki, ölkə məktəblərində deyilən hadisələrin baş verməsi minimumdur.

Bu məsələdə ictimai baxış da düzgün olmalıdır. Məktəbdə təhsil alan hər bir şagird hər birimizin övladıdır və onları qorumaq hər birimizin borcudur. Belə ki, məktəblərdə təhlükəsizliyin təmin olunması aidiyyatı qurumların, Elm və Təhsil Nazirliyinin, məktəb rəhbərlərinin, valideynlərin, ümumilikdə hər birimizin vəzifəsi olmalıdır. Digər tərəfdən insanları təşvişə salan dezinformasiya yayanlarla da mübarizə aparılmalıdır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr