Bəs Bakı bu əməkdaşlığa necə yanaşır? İranın, xüsusilə İsraillə münasibətləri fonunda, Qarabağdakı layihələrə qoşulması nə dərəcədə realdır?
"Bu gün Azərbaycan qonşuları ilə daim sıx münasibətlər qurur və xüsusilə də İranla qarşılıqlı ticarət və biznes əlaqələrinin inkişaf etdirilməsi gündəmdə olan əsas məsələlərdən biridir. Bir neçə gün əvvəl İran prezidentinin Azərbaycana səfəri zamanı bir çox istiqamətdə sənədlər imzalandı. Görünən odur ki, neft məhsullarının qarşılıqlı şəkildə emal edilməsi və bu istiqamətdə layihələr üzrə aparılan danışıqlar əsas mövzulardan biri olub. Azərbaycan neftinin İran ərazisində, yəni Təbrizdə emal edilməsi məsələsi də gündəmdədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib. Siyasi şərhçinin sözlərinə görə, İranın Azərbaycan neftini alaraq emal etməsi və azad olunmuş ərazilərə sərmayə qoymaq istəyi, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və siyasi münasibətlərin dərinləşməsinə xidmət edir:
"İlk növbədə belə bir sual ortaya çıxır: İran nə üçün Azərbaycandan neft alır və onu emal etməyə çalışır? Nəzərə almaq lazımdır ki, İranın öz neftini Təbrizə qədər daşıyaraq emal etməsi kifayət qədər böyük xərclərlə müşayiət olunur. Bu baxımdan,Azərbaycanın neftini alaraq Təbrizdə emal etmək İran üçün daha sərfəlidir və müəyyən mənada ucuz başa gəlir. İran da bu əməkdaşlıqdan iqtisadi dividend əldə etməyə çalışır. Bu əməkdaşlıq kontekstində İsrailin mövqeyinə gəldikdə isə, təbii ki, Azərbaycan bütün tərəfdaşları və qonşuları ilə iqtisadi münasibətlərə daim üstünlük verib. Mən hesab edirəm ki, İsrail də Azərbaycanın bu addımını normal qarşılayacaq və bunun İsrail-Azərbaycan münasibətlərinə hər hansı bir mənfi təsiri olmayacaq. Qeyd etmək lazımdır ki, İranın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə sərmayə qoyması, bu ərazilərin bərpa prosesində və ümumilikdə müxtəlif layihələrdə iştirak etməsi də gündəmdə olan məsələlərdəndir. İran bu istiqamətdə Azərbaycana müəyyən təkliflər və öhdəliklər irəli sürə bilər ki, bu da hər iki ölkə arasında həm siyasi, həm də iqtisadi münasibətlərin dərinləşməsinə səbəb olacaq".
S. Kərimli qeyd edib ki, İran tərəfinin açıqlamaları Azərbaycan neftinin emalı ilə bağlı ilkin razılaşmanın mövcudluğuna işarə edir.
"Rəsmi Bakının İranın Azərbaycan neftini Təbrizdə emal etməsi ilə bağlı mövqeyinə gəldikdə isə, təbii ki, böyük ehtimalla Azərbaycan tərəfi də bu məsələyə müəyyən qədər müsbət yanaşa bilər. Əgər İran tərəfi bu barədə hər hansı bir xəbər yayıb və ya bəyanat səsləndiribsə, deməli, tərəflər arasında bu istiqamətdə müəyyən ilkin razılıq mövcuddur ki, İran tərəfi belə açıqlamalar verir".
Səidə Ramazanova