Suriyada druzların məskunlaşdığı Dəməşqin ətraf bölgələrində iki gün davam edən silahlı toqquşmalardan sonra bu gün atəşkəs razılaşması qüvvəyə minib. Suriya təhlükəsizlik qüvvələrinin hərbçilərinə hücum edən və 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumu törədən cinayətkarların hüquq-mühafizə orqanlarına təslim edilməsinə dair razılıq əldə olunub. Qeyd edək ki, druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb.
Bu barədə Moderator.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, vətəndaş müharibəsi başlandıqdan sonra İsrail Suriyada öz mövqelərini gücləndirmək məqsədilə müxtəlif etnik qruplarla əməkdaşlığa üstünlük verib. Bu qruplar arasında xüsusilə kürdlər və druzlar önəmli yer tutur:
“Ümumiyyətlə, druzlar hələ vətəndaş müharibəsi başlamamışdan əvvəl də İsrailə yaxınlıqları ilə tanınan bir qrup idi. Məlum olduğu kimi, müharibədən əvvəl Colan təpəlikləri İsrailin nəzarətində idi və müharibə zamanı çalışdı ki, burada özünə yaxın bir qrup hakimiyyətə gəlsin. Ancaq Təhrir əş-Şam qruplaşmasının hakimiyyətə gəlməsi və Əhməd Əşaranın Suriya prezidenti olmasından sonra İsrail yeni hökumətə təzyiq vasitəsi kimi mühüm strateji məntəqələri, xüsusilə su mənbələrini ələ keçirməyə çalışdı. Xüsusilə, Colan Təpəlikləri ətrafındakı su mənbələri üzərində nəzarət qurmağa cəhd göstərdi. Bununla yanaşı, İsrail kürdlər və druzlarla birlikdə ölkənin mühüm neft və qaz mənbələrini ələ keçirmək siyasətini həyata keçirməyə başladı. Uzun müddətdir ki, druzlarla əməkdaşlıq edən İsrail maksimum dərəcədə hökumətə təzyiq göstərməyə çalışır. İsrail əvvəl bu siyasəti radikal kürd qrupları ilə həyata keçirməyə çalışdı, ancaq həmin qrupların Suriya hökuməti ilə danışıqlara gedib müqavilələr bağlamasından sonra indi də bu siyasəti druzlar vasitəsilə davam etdirməyə çalışır”.
Politoloqun sözlərinə görə, druzlar Suriyada say baxımından çox deyil və təşkilatlanma, xüsusilə də silahlanma baxımından zəif quruluşa malikdirlər:
“İsrail onlara nə qədər dəstək versə də, druzlar özləri də yaxşı anlayırlar ki, Əl-Şara hökuməti onları sonda məğlub edəcək. Buna görə də bu qruplar axırda Dəməşqdə yerləşən müvəqqəti hökumətlə razılığa gəlməyə məcbur qalacaqlar. İsrailin burada həyata keçirmək istədiyi əsas məqsəd yeni hökumətə təzyiq göstərməkdir. Ancaq bu siyasətin uğur qazanması çox da mümkün görünmür. Çünki ərəb ölkələri və Türkiyə yeni hökuməti dəstəkləyir. Amerika Birləşmiş Ştatlarının da Suriyaya dair mövqeyi açıq şəkildə Türkiyənin mövqeyi ilə üst-üstə düşür, yəni ABŞ da Türkiyəni dəstəkləyir. Eyni zamanda Rusiya da yeni hökumətlə əməkdaşlıq yoluna qədəm qoyub, faktiki olaraq Əl-Şara hökumətini tanıyır və onu Suriyanın legitim hökuməti kimi qəbul edərək onunla işləməyə üstünlük verir. Yəqin ki, yaxın gələcəkdə İsrail də bu reallıqla barışacaq”.
Mehin Mehmanqızı