Pakistanla Hindistan arasında aprelin 22-dən başlanan gərginlik günü-gündən daha kəskin xarakter almaqdadır.
Gərginlik niyə artdı?
Məlum olduğu kimi, Hindistanın Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Silahlı döyüşçülər Baysaran vadisindəki cığırla qalxan turistlərə avtomat silahlardan atəş açıblar.
Hücum nəticəsində 26 nəfər həlak olub. Terror aktına görə məsuliyyəti Pakistandan əraziyə daxil olan Əfqanıstanın "Müqavimət Cəbhəsi" qruplaşması öz üzərinə götürüb.
Bu olay isə İslamabadla Dehli arasında münasibətləri kəskinləşdirib. Nəticədə tərəflər arasında hələlik sərhəddə müəyyən kiçik toqquşmalar baş verib və bu proses hələlik səngimək bilmir. Əksinə, gərginlik günü-gündən daha da artır.
Bu fonda Hindistanla Pakistan arasında sayca 4-cü müharibənin başlaması ehtimalı yüksəkdir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, tərəflər arasında gərginliyin müharibə fazasına keçməsi ehtimalı kifayət qədər böyükdür:
“Pakistanla Hindistan arasındakı münasibətlər son dərəcədə gərgin fazaya daxil olub. Hər an müharibənin başlanması təhlükəsi var. Hadisələrin gedişi hələlik gərginliyin daim artması istiqamətində gedir. Əvvəlcə Pakistan Hindistan təyyarələri üçün hava məkanını bağladı.
Ardınca Hindistan da da mayın 23-nə qədər Pakistan təyyarələri üçün hava məkanını bağlayıb.
Qarşılıqlı olaraq atılan addımlar, hər iki tərəfdə qoşun hissələrinin hazırlıq vəziyyətinə gətirilməsi gərginliyin müharibə fazasına keçəcəyi ehtimalını kifayət qədər gücləndirir.
Çünki vəziyyət kifayət qədər kritikdir. Hər an bir qığılcım müharibəni alovlandıra bilər. Bu baxımdan hiss edirəm ki, sərhəddə müharibə ərəfəsi gərginlik duyulur. Ancaq həm də o fikirdəyəm ki, hər iki ölkənin rəhbərliyi müharibənin hər birinə ciddi fəsadlar gətirəcəyini də diqqətə alıblar. Bu baxımdan gərginlik bir neçə gündən sonra səngiyə də bilər”.
Rüfət Sultan, Bizim.Media