AZ

“Elbit Systems” DEFEA 2025 sərgisində qabaqcıl müdafiə həllərini təqdim edəcək

İsrailin “Elbit Systems” şirkəti 6-8 may tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək DEFEA-2025 sərgisində qabaqcıl müdafiə texnologiyalarını təqdim edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, şirkət yerli sənayelərlə geniş əməkdaşlıq, bilik və texnologiya transferinə sadiqliyi ilə seçilən Yunanıstanda uzunmüddətli və uğurlu fəaliyyətə malikdir.

Bildirilib ki, NATO ölkələri arasında ən qabaqcıl obyektlərdən biri olan Kalamatadakı Beynəlxalq Uçuş Tədris Mərkəzi (IFTC) bu tərəfdaşlığa nümunədir.

DEFEA-2025 sərgisində “Elbit Systems” şirkəti geniş çeşiddə qabaqcıl və istismarda olan həllərini nümayiş etdirəcək.

Bunların arasında müxtəlif raketləri tək bir platformadan atmaq qabiliyyətinə malik PULS yaylım atəşli reaktiv sistem (YARS) yer alır. İstifadəçiyə 15 kilometrdən 300 kilometrə qədər məsafədə uzun mənzilli dəqiq zərbə imkanları təqdim edən PULS YARS Almaniya, Niderland və Danimarka da daxil olmaqla, bir sıra Avropa və NATO ölkələri tərəfindən seçilib.

Sərgidə “Elbit Systems”in ən müasir elektron müharibə (EW) və özünümüdafiə həlləri, o cümlədən aviasiya vasitələri üçün EW dəstləri, quru əsaslı EW sistemləri, təyyarələr üçün istiqamətləndirilmiş infraqırmızı əks tədbir (DIRCM) sistemləri və inkişaf edən hava təhdidlərinə cavab verməkdən ötrü nəzərdə tutulmuş qabaqcıl antidron texnologiyaları nümayiş olunacaq.

Şirkət çoxşaxəli döyüş mühitlərində sensorları, platformaları və komanda strukturlarını birləşdirən şəbəkələşdirilmiş müharibə texnologiyalarını təqdim edəcək. Sözügedən texnologiyalar fərdi əsgərləri daha sürətli və effektiv qərar qəbuluna imkan verən əlaqələndirilmiş, məlumat əsaslı döyüşçülərə çevirir. Buraya dinamik döyüş şəraitində təhlükəsiz və real vaxtda rabitə təmin edən proqramlaşdırılmış “E-LynX” radio sistemləri ailəsi daxildir.

DEFEA-2025-də “Elbit Systems”in geniş avtonom imkanları da təqdim olunacaq. Bunlara müxtəlif platformalardan, o cümlədən PULS-dan buraxıla bilən əməliyyat qabiliyyətli SKYLARK 3 və “SkyStriker” süzən sursatları aiddir. Portfolioya həmçinin, məşhur “Hermes” ailəsinin son üzvü olan MALE tipli “Hermes 650 Spark” da daxildir. Bundan başqa, təqdimatda pilotsuz quru vasitələri, quru sensorları və inkişaf etmiş döyüş idarəetmə sistemləri də yer alacaq. Bu texnologiyalar mürəkkəb əməliyyat şəraitində döyüş effektivliyini artırır və missiyanın uğurla yerinə yetirilməsini təmin edir.

Stenddə “Elbit Systems” şirkətinin yüksək dəqiqlikli sursatları da nümayiş olunacaq. Bunlara “Predator Hawk”, “Accular”, EXTRA və “Rampage” sistemləri daxildir. Bu sistemlər yüksəsk dəqiqlik və məsafə təqdim edərək müxtəlif əməliyyat ssenarilərində artırılmış operativ imkanlar təmin edir.

Bu əsas imkanlarla yanaşı, stenddə şirkətin qabaqcıl təlim və simulyasiya həlləri, Yunanıstanın müasir Beynəlxalq Uçuş Təlim Mərkəzi, dəniz texnologiyaları, kəşfiyyat yükləri, hava görüntüləmə sistemləri, aktiv mühafizə sistemləri və digər yeniliklər də nümayiş olunacaq.

Qeyd olunub ki, Yunanıstanın və bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşı olan “Elbit Systems”, regionun dəyişən müdafiə ehtiyaclarına uyğunlaşdırılmış, innovativ və döyüşə hazır həllər təqdim etməyə sadiq qalır.

Seçilən
0
poliqon.az

1Mənbələr