"Binanın sonuncu mərtəbəsində alman çoban iti Ceklə birgə yaşayan yaşlı cütlüklə əlaqə qurmaq mümkün olmur..."
Odessaya pilotsuz uçuş aparatları (PUA) ilə gecə təşkil edilən hücum nəticəsində azı iki nəfər həlak olub, daha 15 nəfər yaralanıb. Rusiya PUA-sının Xarkovda da hədəfə çatdığı bildirilir.
Moderator.az xəbər verir ki, bu barədə region hakimiyyəti məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
Rusiya ordusu mayın 1-də, cümə axşamına keçən gecə Ukraynanın bir neçə bölgəsinə növbəti hücumunu həyata keçirib. Odessa vilayət administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, şəhərdəki hücum nəticəsində iki nəfər ölüb, daha 15 nəfər müxtəlif xəsarətlər alıb.
"Düşmənin hücumu nəticəsində çoxmərtəbəli yaşayış binaları, fərdi evlər, supermarket, məktəb və minik avtomobilləri zədələnib. Bəzi ərazilərdə yanğınlar baş verib, onları xilasedicilərimiz söndürür. Hücum nəticəsində iki nəfər həyatını itirib, beş nəfər yaralanıb. Tibb işçiləri zərərçəkənlərə bütün zəruri yardımı göstərirlər, - Kiper gecə saat 03:30 radələrində "Telegram- kanal"ında yazıb.
Odessada hava hücumu nəticəsində dağıntılar barədə şəhər meri Gennadi Truxanov da "Telegram"-da məlumat verib. "Odessanın müxtəlif rayonlarında yaşayış evləri və mülki infrastruktur zədələnib. Yanğınlar baş verib, yaralılarla bağlı məlumatlar daxil olur.
Binanın sonuncu mərtəbəsində alman çoban iti Ceklə birgə yaşayan yaşlı cütlüklə əlaqə qurmaq mümkün olmur. Onların övladları valideynlərindən xəbər ala bilmədiklərini bildirib", - o, gecə paylaşımında qeyd edib.
Rusiya dronları Xarkovu və digər bölgələri də vurub
Odessaya hücumla bağlı xəbərlərdən bir neçə saat əvvəl Xarkov meri İqor Terexov da PUA hücumu barədə məlumat yayıb. "Düşmən dronu - ilkin məlumatlara görə "Molniya" tipli PUA Kievvə Saltov rayonlarının sərhədində hədəfə çatıb. Hadisə yerində yanğın var", - o, "Telegram"-da yazıb. Daha sonra o, zərbənin Kiev rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinə endirildiyini dəqiqləşdirib. Hadisə zamanı zərərçəkənlərlə bağlı məlumat verilməyib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Kropovnitsk şəhərinə və ölkənin şərqindəki Sumı, Poltava, Zaporojye və Donetsk vilayətlərinə də Rusiya hücumları barədə məlumat yayıb, lakin təfərrüatlar bildirilməyib. Rusiya Ukraynadakı şəhərlərə və mülki obyektlərə demək olar ki, hər gün hücum edir. Bu təcavüzkar müharibə artıq üç ildən çoxdur davam edir.
1 may gecəsi Rusiya ordusu Ukrayna ərazisinə 5 ballistik raket və 170 PUA buraxıb. Ukrayna hava hücumundan müdafiə qüvvələri 74 dronu vurmağa nail olub, daha 68 PUA isə hədəflərinə çatmadan radarlardan itib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram-kanal"ında məlumat verib.