AZ

ABŞ senatorunu debata çağıran iranlı diplomata terrorçu ittihamı

BAKI, 1 may. TELEQRAF

Amerikalı senator Ted Kruz iranlı keçmiş səfir, ABŞ-nin Prinston Universitetinin tədqiqatçısı Hüseyn Musavianın debat təklifini rədd edib.

Teleqraf xəbər verir ki, senator Donald Tramp administrasiyasını onu ABŞ-dən deportasiya etməyə çağırıb.

Ted Kruz Musaviana cavabında deyib: “Mən onlarla müxalifi qətlə yetirmiş iranlı terrorçularla əlaqəli insanlarla bir otaqda olmamağa çalışıram”.

Kruz və Musavian arasındakı gərginlik bazar ertəsi senator “Fox News”a verdiyi müsahibədə Prinston Universitetini iranlını qovmağa çağırdıqdan sonra başlayıb.

Özü də Prinston məzunu olan Kruz Musavianın universitetdəki mövcudluğunun tələbələr arasında narahatlıq yaratdığını söyləyərək, Prinstonu mühitin sağlamlığına və təhlükəsizliyinə məhəl qoymamaqda günahlandırıb.

Onun sözlərinə görə, İran hökumətinin terror kampaniyalarına yaxın bir şəxslə əməkdaşlıq universitet strukturunda təhlükəli ideoloji qərəzliliyin əlamətidir və Tramp administrasiyasının Prinstona maliyyənin ayrılmasına yenidən baxmasının səbəbi də budur.

Hüseyn Musavian Ted Kruzun açıqlamalarına cavab olaraq X sosial şəbəkəsində ittihamları rədd edib və senatoru kitablarını oxumağa və ictimai debatda iştirak etməyə dəvət edib.

Kruz bu dəvəti rədd edərək bildirib: “Kitablarınız oxunmur və sizin deportasiyanızla bitməli olan yeganə söhbət Daxili Təhlükəsizlik agentləri ilə olmalıdır”.

Seçilən
0
teleqraf.com

1Mənbələr