“Babam Mirmahmud Kazımovski 1908-ci ildə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşasında Leylinin anası rolunu oynayıb. O vaxt bilirsiniz ki, qadınların teatrda çalışması müşkül məsələ idi. Əhməd Ağdamski Leyli rolunda səhnəyə çıxırdı. O qədər təqiblərə məruz qalmışdılar ki.. Babam Hüseyn Ərəblinski ilə çox yaxın dost olub. Birlikdə gimnaziyada fotoları da var. Hüseyn Ərəblinskini qadın rolları oynadığına görə dayısı oğlu Xalıq vurub öldürüb. Hətta babam bir müddət öz Kazımovski soyadından imtina edib, adını afişalarda Kazımovskaya yazdırıb. Nənəm danışardı ki, Hüseyn Ərəblinski həmişə bizim evdə olurdu. Bir dəfə onlar bizdə olanda evimizə qoçular gəlib. Nənəm babamla Hüseyn Ərəblinskini evdən qaçırdıb”.
Bunu Moderator.az-a açıqlamasında görkəmli teatr rejissoru, aktyoru Mirmahmud Kazımovskinin adını daşıyan nəvəsi deyib. O daha sonra əlavə edib:
“O vaxt kişilər qadın rollarını məcburiyyətdən oynayırdılar. İndi isə sadəcə ssenari zəifliyindəndir, ya nədəndir bilmirəm? Şəxsən mənim xoşuma gəlmir ki, qadın rollarını kişilər oynasın. Nə məcburdur? Düzdür, hər kəsin öz tamaşaçısı var. Həddindən artıq şitini çıxarırlar. Kimi görürsən əyninə qadın paltarı geyinib səhnəyə çıxır. Onları görəndə kanalı çevirirəm. Yenilik tapmaq lazımdır. Bu incəsənətdə böyük bir problemdir, bizim bədbəxtçiliyimizdir. Qonşularımız milçəkdən fil düzəldirlər, amma bizimkilər fili də milçək edirlər. Hər şey dəyişməlidir” deyə o bildirib.

Mirmahmud Kazımovski atası Rauf Kazımovskinin dövlət televiziyasında gördüyü işlərdən də danışıb:
“Atam Rauf Kazımovski 1956-cı ildə AZTV-nin ilk baş rejissoru olub. O teatr universitetini bitirib. Hələ 1952-ci ildə onu radioda işləməyə göndəriblər. Atamla birlikdə təhsil alan rejissorlar Arif Babayev, Kamil Rüstəmbəyovu isə bölgələrə göndəriblər. Atam radioya gələndən sonra orada monumental tamaşalar səhnələşdirməyə başlayıb. Atamın 1953-cü ilə aid “Məşədi İbad” adlı tamaşası var. Orada baş rolda Mirzəağa Əliyev oynayıb. O şedevrdir, “Qızıl fond”-da saxlanılır. Həmin radio tamaşa 1 saat yarımdır. Hüseyn Seyidzadə 1956-cı ildə “O olmasın, bu olsun” filmini çəkəndə heç bir əziyyət çəkməyib. Həmin radiodakı aktyor ansambılını kinoya köçürüb. Sadəcə bir fərq var ki, radioda Həsənqulu bəyi oynayan, kinoda Rzaqulu bəyi oynayıb” deyə o bildirib.
