Dünyanın iki ən böyük iqtisadiyyatı həftələrdir ki, ABŞ prezidentinin təşəbbüsü ilə ticarət müharibəsi aparır. Tramp ölkəsinin idxal etdiyi əksər Çin məhsullarına 145 faiz rüsum tətbiq edib. Çin isə öz növbəsində ABŞ-dan idxal olunan məhsullara əlavə 125 faiz rüsumla cavab verib.
ABŞ Prezidenti Donald Trampın iddialarının əksinə olaraq, tariflər məsələsi ilə bağlı danışıqlara “tələsən” Pekin deyil, Vaşinqtondur və “ABŞ administrasiyası bir çox ikitərəfli danışıqlarda təşəbbüsü öz üzərinə götürüb”, – Çin rəsmi mediası bu gün yazıb.
Məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən Çin Yayım Korporasiyasına bağlı “Yuyuan Tantiang” sosial media şəbəkəsində yer alan xəbərə görə, ABŞ bir müddətdir ki, gömrük tarifləri məsələsi ilə bağlı danışıqlara başlamaq ümidi ilə Çinlə müxtəlif kanallar vasitəsilə əlaqə saxlayır. “Danışıqlara gəldikdə, təzyiqdən ən çox təsirlənən tərəfin ABŞ olduğuna şübhə yoxdur. Hazırda Tramp administrasiyası müxtəlif istiqamətlərdən həm iqtisadi, həm də ictimai təzyiq altındadır”, – şəbəkə qeyd edib.
ABŞ prezidenti dəfələrlə bəyan edib ki, Çin tariflərlə bağlı ikitərəfli danışıqlar üçün ABŞ-a müraciət edib, lakin Pekin bu iddiaları kəskin şəkildə rədd edib. Çinin rəsmi mətbuatının verdiyi məlumata görə, “ABŞ konkret addımlar atmasa, Çinin ABŞ-la danışıqlara girmək üçün heç bir səbəbi yoxdur”.
Çin mütəmadi olaraq ABŞ ilə ticarətlə bağlı dialoqa açıq olduğunu bildirib, lakin bunun tariflərin təhdidinə deyil, qarşılıqlı hörmətə əsaslanmalı olduğunu vurğulayıb. Çin Xarici İşlər Nazirliyi AFP-nin Yuivan Tantyanqın bəyanatlarının doğruluğu ilə bağlı suallarına hələ cavab verməyib.
Pekin dəfələrlə bəyan edib ki, Vaşinqton tarifləri saxlasa, ticarət müharibəsini acı sona qədər davam etdirəcək. Çin Xarici İşlər Nazirliyi bu həftə ölkənin diz çökməyəcəyini vurğulayan bir video yayımladı.