AZ

“Açar” romanın akademik müzakirəsinə həsr olunmuş elmi sessiya keçirildi

AMEA-nın Ədəbiyyat İnstitutu, Mahmud Kaşqari adına Beynəlxalq Fond və Mərkəzi Elmi Kitabxananın birgə layihəsi əsasında yazıçı, ictimai xadim Natəvan Dəmirçioğlunun "Açar" romanının akademik müzakirəsinə həsr olunmuş "Zəfərimizin "Açar"ı adlı elmi sessiya keçirilib. Elmi sessiyada AMEA-nın elmi heyəti, ədəbiyyatşünas alimlər, ədəbi tənqidçilər, millət vəkilləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər. AMEA-nın müxbir üzvü, AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun  direktoru Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Bu günkü elmi sesiyamızın mövzusu Natəvan Dəmirçioğlunun "Açar” romanı, onun bədii xüsusiyyətləri, yaradıcılıq keyfiyyəti, dil-üslub quruluşu, müharibə ədəbiyyatı kimi tarixi və siyasi çəkisi, obrazlar sistemi və ümumən müasir ədəbiyyatımızda yeri məsələsidir. Yazıçı, filologiya üzrə fəlsəfə doktoru, AzTV-nin Beynəlxalq Radiosunda proqram rəisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində  müəllim, DİM-də media eksperti, iki övladın anası, dörd nəvənin nənəsi, dörd kitabın, bir dissertasiyanın, yüzlərlə məqalənin, minlərlə radioverlişlərin və bir neçə radiotamaşanın müəllifi olan Natəvan Dəmirçioğlu istedadlı, insansevər, məsuliyyətli, çalışqan, yurdsevər, ailəcanlı, intellektli, mədəni, ismətli bir Azərbaycan xanımıdır. Əsl xanım, əsl alim, əsl publisist, əsl pedaqoq, əsl rəhbər, əsl ziyalı və ən əsası əsl yazıçıdır.
 
 
 
 
Biz ümid edirik ki, bu gün elmi müzakirəsinə yığışdığımız, haqqında elmi sessiya düzənlədiyimiz Natəvan Dəmirçioğlunun 10 illik zəhmətinin bəhrəsi olan “Açar” romanı onu layiq olduğu yerə və məqama götürəcək. Əsəri oxuyanda tarixə,  psixologiyaya, təbiətə, insan xarakterlərinə, müharibəyə, sülhə, keçmişə, gələcəyə dair bilgilərimiz xeyli dərəcədə zənginləşir. Bu romanın ən böyük keyfiyyəti bir də odur ki, bu fundamental nəsr əsəri 44 günlük Vətən müharibəmizi, haqq savaşımızı, böyük Zəfərimizi əks etdirir.
 
 
 
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutun şöbə müdiri, professor Asif Rüstəmli “Açar” romanını müstəqillik dövrü Azərbaycan ədəbiyyatının uğuru hesab etdiyini qeyd etdi. “Bədii əsərin dili sənətkarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. Natəvan Dəmirçioğlunun "Açar" romanı həm dilinin canlılığı, həm proza ilə dramaturgiyanın estetik harmoniyası ilə seçilir. Natəvan Dəmirçioğlunun dili son dərəcə axıcılığı, ifadəliliyi, rəngarəngliyi, yumşaqlığı, şirinliyi, rəvanlığı və ələlxüsus xəlqiliyi ilə diqqəti çəkməkdədir. Bədii əsərin tamlığını, bədii bitkinliyini təmin edən amillərdən biri də daxili qayəyə, sujet xəttinin qurulma və inkişaf tərzinə uyğun təhkiyənin olmasıdır ki, "Açar" romanı bu tələblərə tam cavab verir”, - deyə bildirdi.
 
Türkiyədən gələn Üsküdar Universitetinin rektoru, professor Nazife Güngör özünün də təhsil etibarilə publisist olduğunu, bu sahədən yetişərək, böyüdüyünü, o səbəbdən də Natəvan Dəmirçioğlu ilə aralarında mənəvi bir bağın olduğunu qeyd etdi. "Açar" romanında dünyaya çıxarmalı məqamların olduğunu qeyd edərək, onun Türkiyə türkcəsinə uyğunlaşdirılması, Türkiyədə nəşri məsələsini diqqətə çatdırdı.
 
Millət Vəkili, Kaşqari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev filoloji nöqteyi-nəzərdən əsərin dil-üslub xüsusiyyətlərini təhlil edərək bildirib ki, bədii əsərin ümumi ruhuna uyğun təhkiyə tonunun tapılması yazıçının ən uğurlu işidir. Bu baxımdan Natəvan Dəmirçioğlunun "Açar" romanının dili toxunulan məsələnin ruhuna tamamilə uyğun gəlir və güclü psixoloji səciyyə daşıyır. Əsərin dilində emosional və idraki effektlər vəhdət təşkil edir. Ritm, ton, ahəng təkcə şeir dili üçün yox, nəsr dili üçün də əsasdır. Bunu tapmaq uğurun başlanğıcıdır. Bu mənada, Natəvan Dəmirçioğlunun nəsri məhz ritmik nəsrdir. "Açar" romanında zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Ədib həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, mahiyyət etibarilə, ümumbəşəri problem olduğu aydınlaşır. O, ümumbəşəri problemlərə və planetar mövzulara toxunduqca bu və digər dərəcədə şərti-metaforik üslubun ifadə imkanlarından bəhrələnir. Şərti-metaforizmdən istifadə yazıçıya məkan və zaman hüdudlarını genişləndirmək, ifadə ediləcək mənanı ümumiləşdirmək, fəlsəfiləşdirmək və dərinləşdirmək imkanı verir və nəticədə "Zəfərimizin "Açar"ı" olan çoxplanlı, çoxqütblü, çoxproblemli bir əsər yaranır.Yazıçı əsərdə mətn görümlülüyünü elə yüksək səviyyədə oxucusuna təqdim edir ki, inamla deyə bilərik ki, "Açar" romanı dramaturji siqlətinə görə ekran işi olmağa layiq əsərdir, -deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırdı.
 
 
 
AMEA-nın Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Nizaməddinqızı elmi sesiya üçün hazırladığı məruzəsini “Qan daman roman” adlandıraraq: “Romanda hadisələri yazıçı başlayır, müəyyən bir hissədən sonra isə personajlar özü tarixi faktların izi ilə əsəri davam etdirir. Bu isə oxucu üçün əsərin dilini maraqlı və axıcı edir. Maraqlı bir nüans isə yazıçıdan çox, personajların üslubu diqqət çəkir. Bəlkə də son on ildə bu üsluba rast gəlmək olmurdu. Bu roman haqqında yazmaq istəyim də əslində bu üslubdan yarandı.” -deyə vurğuladı.
Millət vəkili Elçin Mirzəbəyli  bildirdi ki, Natəvan xanım uzun illər siyasi jurnalistika ilə peşəkar səviyyədə məşğul olduğuna görə belə ağır mövzuda möhtəşəm roman yaza bilib. Elçin Mirzəbəyli vurğuladı ki, ədəbiyyatda, yaradıcılıqda milliliyə, bəşəriliyə nail olmaq üçün sənətkarın qələmə aldığı mövzu dərin milli və bəşəri məzmuna, ictimai-əxlaqi mündəricəyə, həyati əhəmiyyətə malik olmalı, xalqın taleyi, tarixi müqəddəratı ilə bağlı işıqlı ideallara, ümumbəşəri problemlərə cavab verməlidir. Bu mövzunun əsasında dayanan obrazlar xalqın istək və arzularının həqiqi daşıyıcıları olmalı, onun milli-mənəvi xüsusiyyətlərini öz varlığında yaşatmalı, həm ideya-məfkurə, həm də fərdi cəhətlərinə görə seçilməli, dövrün, zamanın aktuallıqlarını özündə ehtiva edən bütöv, kamil xarakter səviyyəsinə qalxmalıdır. Qeyd edək ki, bu məsələlər Natəvan xanımın bütövlükdə yaradıcılığının, xüsusilə bu gün elmi müzakirəsinə toplaşdığımız "Açar" romanının ana xəttini, özəyini, əsas sütununu təşkil edir.
 
Qardaş Türkiyədən Ankara parlamentinin müxbiri Neşe   xanım Berber  canlı bağlantı ilə sessiyaya qoşularaq müəllifi təbrik etdi,  "İki dövlət, bir millət, tək ürək" olduğumuzu  belə yazılan əsərlərin, kitabların sevinci fonunda dilə gətirdi. Natəvan xanımın Böyük Zəfərimizdən bir il sonra İstanbulda  xanım Neşe  Berberin verilişində qonaq olduğunu qeyd etdi.
 
Ekranda  Natəvan Dəmirçioğlunun tələbəsi,  “Qursali” TV nin rəhbəri Samir Rahinoğlunun hazırladığı “Açar” romanından qısa bir parça  alqışlarla qarşılandı.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, Qərbi Azərbaycan toponimləri şöbəsiinin müdiri, dosent Elçin İsmayılov “Açar” romanının dil-üslub keyfiyyətlərindən, onun etnoqrafik yatıra sahib olmasından danışdı. Alim bildirdi ki, Qarabağ hadisələrinin fonunda yaşadığımız  faciələrin etik-psixoloji köklərini təhlil etməyə çalışan müəllif epizodların təsvirində şərti-metaforik kolliziyadan istifadə etsə də, humanist qadın mövqeyi ilə yadda qalır. O, hər bir hadisəyə yanaşmada şərti-metaforik üslubun ifadə imkanlarından məharətlə istifadə edərək obrazların təsvirində güclü psixoloji analizlərə yer verib. Üslubun verdiyi imkanlar daxilində zəngin obrazlar qalereyası yaradan Natəvan xanım Dəmirçioğlu əsərdə bir çox məsələlərə zahirən sadə, ancaq batində məntiqi və dərin yanaşıb. Üslubuna, mövzu aktuallığına, süjetinə, kompozisiyasına, tamlığına, məzmun-forma bütövlüyünə görə nəsrimizdə xüsusi yer tutan və çağdaş ədəbi mühitimizdə hadisə olan bu roman həm milli, həm də bəşəri problemlərə ayna tutan və onların həllinə çalışan kamil bir əsər kimi yadda qalır.  Əsərdə mükəmməl ümumiləşdirmə ilə yaradılmış, düşüncələrimizə birbaşa təsir edə və yazıçı mövqeyini dolğun şəkildə ortaya qoya bilən insan xarakterləri və taleləri diqqəti cəlb edir. Bu surətlər sanki tanıdığımız "doğma və yad adamların" ümumiləşdirilmiş obrazlardır. Maraqlı burasıdır ki, bu qədər obraz və onların yaşantıları, daxili əzab və sarsıntıları barədə söhbət açarkən yazıçı əsərin mürəkkəb süjetini elə sistemlə qurur ki, epizodlar bir-biri ilə tam məntiqi ardıcıllıqla əlaqələnir.  Bu, sözün həqiqi mənasında Natəvan xanımın ədəbi səriştəsi və uğurudur.
BDU-nun kollektivini təmsil edən  filologiya elmləri doktoru, professor Sevil Həsənova Natəvan xanımın elmi- pedaqoji fəaliyyətindən, onun nəzəriyyəni və praktikanı eyni yüksək səviyyədə bilməsindən  və auditoriyada peşəkar müəllim bacarığından söz açdı. ”Natəvan xanım "Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu" adlı çox mühüm bir mövzuda dissertasiya yazıb,  uğurla müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2006-cə ildən  Bakı Dövlət Universitetinin müəllimidir.” –dedi.
 
Azərbaycan Televiziyasının İctimai-siyasi proqramlar studiyasının Tarix şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru  Mahir Qəribov müəllifin yaradıcılığında təsadüfü heç nəyin olmadığını, hər bir nüansın ilahi qanunauyğunluq kəsb etdiyini söylədi. Natəvan Dəmirçioğlunun çox ciddi yazıçı olaraq, hətta öncəgörənliyə sahib olmasını qeyd etdi. “Yazıçı publisist,  Natəvan Dəmirçioğlunun “Açar” romanı Müqəddəs Qurani- Kərimin 57-ci Hudud (Dəmir) surəsinin 2-ci ayəsi ilə başlayır. “Göylərin və Yerin açarları Onun əlindədir..... O hər şeyi biləndir. Həmd olsun Ona” Mən müəllifdən epiqrafı qəsdənmi o surəyə istinadən yadığını soruşdum. Axı dəmir surəsi – Dəmirçioğlu. Bağlılığa baxın. Yox, məni məna maraqlandırır, o surə əsərin məzmunu ilə üst-üstə düşür” dedi. Çıxışının sonunda “Vaxtilə Xanqızı Natəvan özünün yaşadığı əsri şeirlərində ahu-zarla qeyd edirdisə, Natəvan Dəmirçioğlu “Açar” romanında Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuz, şəhidlərimiz, qazilərimiz sayəsində Qarabağın azadlığa qovuşmasını qəhrəmanlıq və işıqlı tariximiz kimi vəsf edir.” -deyə qeyd etdi.
Tədbirdə çıxış edən    AMEA – nın professoru, filologiya elmlər doktoru Esmira Fuad çıxış edərək bildirdi, Natəvan xanım "Açar" romanının hər səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsərdə bir-birindən maraqlı, təsirli və düşündürücü hadisələr yer alır ki, bu da oxucuda “roman içində roman aurası” yaradır. Natəvan xanım fikirlərinin birmənalı anlaşılmaması, həmçinin zaman və məkan məhdudiyyətindən uzaqlaşmaq məqsədilə rəmzi-simvolik, şərti-metaforik fiqur, plan və situasiyalardan əsər boyunca uğurla istifadə edib. Natəvan xanım sanki bu romanı yaşadığı dövr və insanlar haqqında tarixi, bədii və psixoloji həqiqət kimi qələmə alıb. Tarixiliklə müasirliyin vəhdəti, eyni zamanda gələcəyə xitabla yazılmış bu dərin məzmunlu roman tarixi gerçəkliyin bədii əksi, psixologizmi, şərti-metaforizmi, problematikası, sənətkarlığı və yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı ola bilmək səviyyəsinə yüksəlir. İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı “Açar" romanı ruhunda müəllifin azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır. Müəllifin ürək çırpıntıları pak bir vicdanın səsi kimi əsər boyu adamın ruhunu titrədir, varlığına hakim kəsilir.
 
 
 Kəlbəcər ziyalısı, “İnterenerqo” şirkətinin rəhbəri Arif Süleymanov Natəvan Dəmirçioğlu ilə özünün müəllifi olduğu”Başlıbel qətliamı” kitabının təqdimat mərasimində tanış olduğunu bildirdi. Arif Süleymanov vurğuladı ki, Natəvan xanımın "Açar" romanında zamanların və nəsillərin əlaqəsi ön planda verilir. Müəllif həyat hadisələrini, real gerçəklikləri elə işıqlandırır ki, zahirən adi görünən məsələlərin əslində, mahiyyət etibarilə geniş məzmun kəsb etdiyi aydınlaşır. Marina Svetayevanın yaxşı bir sözü var: Əsil sənət əsəri böyük gərilmənin məhsuludur. İstedad nə qədər yazmağı yox, nə qədər “gərilməyi bacarmaq”dır. Əgər əsəri “gərilmədən” rahatca yazsan, cild-cild kitabların olacaq, lakin yazdıqlarının heç biri sənət, ədəbiyyat nümunəsinə çevrilə bilməyəcək. Əsəri kamil edən də məhz bu “gərilmə”dir. Hesab edirəm ki, " Görünən dağa bələdçi lazım deyil". Hörmətli Natəvan xanımın yazdığı əsərin kamilliyi elə Marina Svetayeva demişkən, əsər boyunca keçirdiyi gərginliklə düz mütənasibdir.Müəllifə uğurlar arzulayıram və bildirmək istəyirəm ki, "Açar" romanı Natəvan Dəmirçioğlu imzasında bütövlükdə çağdaş Azərbaycan dramaturji nəsrinin böyük uğurudur.
 
 
Pedaqoji Universitetin  professoru, Filologiya elmləri doktoru Elman Quliyev çıxış edərək bildirdi ki, monoloq və dialoqlarlarda Natəvan xanımın görümlü mətn yarada bilmək qabiliyyəti heyranedicidir. Alim bildirdi ki, obrazların dili - dilin obrazlılığı diqqəti çəkir, bütün  əsər bu tərəzi-mizan üzərində qurulub. Dil-üslüb səlisliyi, obrazların həyatiliyi, hadisələrin dinamikası, doğru müharibə lövhələri, rəngarəng peyzajları ilə seçilən “Açar” romanı yeni ədəbiyyatımızın yeni uğurudur. Alim  “Natəvan Dəmirçioğlunun yaradıcılıq manerasının ustalığı, təhkiyə məharəti göstərir ki, xanım yazar nasir kimi tam püxtələşib, müasir ədəbiyyatımızın- nəsrimizin  ciddi simalarından birinə çevrilib”  deyərək qeyd etdi.
 
 
 
Natəvan xanımın tələbəsi Nigar Safura çıxşış edərək bildirdi ki, cəsarətli, aydın mövqeyi yazıçının şəxsiyyət və xarakter bütövlüyü ilə əlaqədardır. Natəvan xanımın qələmində və milli-mənəvi varlığında bu xüsusiyyətlər bütövlüyü və tamlığı ilə üzə çıxır.
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin müəllimi Leyla Məmmədəliyeva öz çıxışında: “Əsər ən yeni tariximizin işıqlandırılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusilə əhəmiyyətlidir, əsərə maraq günü-gündən artacaq” deyə vurğuladı. Eyni zamanda “onun ssenarisinə əsasən yüksək səviyyəli bir filmin ərsəyə gətirilməsi şəhidlərimizin ruhuna layiqli bir töhfə ola bilər.”- deyə kino xadimlərinə səsləndi.
Slavyan Dövlət Universitetində oxuyan, “İlin Tələbəsi” adını qazanmış Murad Hümbətov isə “Kitab yazmaq qədər, kitab oxumaq da bir sənətdir. Bu mövzu ilə bağlı çox gözəl aforizm var, qeyd olunur ki, "Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Natəvan Dəmirçioğlunun "Açar" romanı oxuduqda mən vaxtımı filosoflarla söhbətə həsr etmiş kimi oldum”- dedi.
Tədbirdə akademik Misir Mərdanovun danışdığı xatirə tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Akademik qeyd etdi ki, Natəvan xanımın elmi yaradıcılığı, pedaqoji fəaliyyəti ayrıca bir əhəmiyyət daşıyır. Mən nazir işlədiyim illərdə o, BDU- nun müəllimi idi. Xalq Şairi Zəlimxan Yaqubun Filarmoniyada Yaradıcılıq Gecəsində Natəvan xanım çox mötəbər, layiqli bir çıxış elədi. Tədbirin sonunda ona təşəkkürümü bildirdim. Mənə dedilər ki, bizim müəllimdi, bu il də kitabı çap olunub. Mənə söz verdi ki, sizə kitab gətirərəm. Qəbula gəldi, kitab gətirdi. “Birinci Kitab” adlanırdı kitabı. Götürdüm, “Məndən istəyiniz varmı, nə köməklik etməyimi istərsiz” deyə nazir kimi ondan soruşdum. “Heç bir istəyim yoxdur, sağlığınız yetər”  dedi.  İnanırsız ki, bu cavab nazirliyə səs salmışdı. Deyirdilər bir müəllimə, bir yazıçı xanım nazirə deyib ki, heç nəyə ehtiyacım yoxdur, sağlığınızı istəyirəm. Bu ancaq xarakteri olan insanlara məxsus hərəkətdir. Mən belə şəxsiyyətlərin müəllim olmağını həmişə arzulamışam və imkanım olduqca belə xarakterli  müəllimlərə şərait yaratmışam.” -deyə əlavə etdi.
Tədbirdə Natəvan Dəmirçioğlunun ailə üzvləri, övladları Nurlan, Nuran və nəvəsi Rəsul da təbriklərə qoşularaq səbəbkara gül çələngi təqdim etdilər.
Tədbirin sonunda Natəvan Dəmirçioğlu çıxış edərək bütün tədbir iştirakçılarına minnətdarlığını bildirdi:
"Yalnız Tanrı şahiddir ki, bu romanı ürəyimin qanı ilə yazmışam. Necə şəhidlərimizin, qazilərimizin Vətən torpağına qanı tökülüb, bu sətirlərə də mənim göz yaşım və ürəyimin qanı tökülüb.Bəzən çox ağırlıq çəkdim, dözülməz anlar yaşadım. Bir qadın yazıçı üçün  bu mövzuda və bu masştabda əsər yazmaq, bilənlər bilir,  çox çətindir. Taleyimə minnətdaram ki, onu tamamlaya bildim və deyilənlərə görə nəsrimizi gələcəklərə götürə biləcək bir roman yarandı. İndi hamı məni tərifləyir, sağ ol deyir. Amma bu əsərə məndən daha çox zəhməti keçən, haqqı çatan insanlar var. Mən də onlara minnətdarlıq etmək istəyirəm. Birinci Ali Baş Komandan cənab İlham Əliyevə, sonra onun komandanığı altında yağı düşmənə doğru gedən, yurdu xilas edən, Vətən torpağına qarışıb, özü də bir ovuc torpaq olan şəhidlərimizə və torpaq yaramızı sağaldıb özü yaralı qalan qazilərimizə. 
 
 
Oxuculardan, teatr və kino xadimlərimizdən, tərcüməçilərdən bu əsərə doğma münasibət istərdim. Bir professor, müəllim yoldaşımın dediyi kimi, "Açar"ı Azərbaycan haqqları naminə dünyada dost, düşmən qabağına çıxarmaq lazım. "Açar" öz taleyinə açar olsun. Elə  mənim arzularıma, istəklərimə də. "Açar" romanı da, onun İlham aldığı Zəfərimiz də daimi olsun, baqi olsun.”
Sonda müəllif tədbirdə iştirak edən bütün ziyalılara, AMEA-nın rəhbərliyinə-akademik İsa Həbibbəyliyə, Ədəbiyyat institutunun elmi heyətinə, Kaşqari adına Beynəlxalq Fondun prezidenti, Millət Vəkili Cavanşir Feyziyev başda olmaqla Kaşqari Fondunun yaradıcı kollektivinə, aparıcı kimi ona dəstək olan akademik Misir müəllimə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının rəhbərliyinə  dərin minnətdarlığını bildirdi.
Tədbirin yekununda iştirakçılar tərəfindən Mərkəzi Elmi Kitabxananın Qarabağ Şəhidləri Fondunu ziyarət edildi. Fondun nümayiş etdirdiyi eksponatlar arasında yazıçının bacısı  Milli qəhrəman səviyyəsində döyüşçü  Vəfa Mansurovanın ruhu yad edildi.
Seçilən
0
1
moderator.az

2Mənbələr